Xəzərdə harada çimmək olmaz?

0
615

Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərində dəniz çirklidir və çimmək üçün qənaətbəxş deyil. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlayıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşovanın sözlərinə görə, onlar Xəzər dənizindən iyunun 28-dən iyulun 4-nə qədər götürülən nümunələrin mikrobioloji təhlillərini aparıblar: “Bu dəfə Novxanı çimərliyi də çirkli çıxdı”.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.Nərmin Babaşova deyib ki, əvvəlki nəticələrdən fərqli olaraq, bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirkli sayılıb və ona görə də çimərlik üçün qənaətbəxş deyil.

Onun sözlərinə görə, bu dəfə bəzi çimərliklərin montorinq zamanı çirkli çıxmasının səbəbi sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

Nərmin Babaşova əlavə edib ki, aidiyyətli qurumlar çirkab suların dənizə axıdılmasının qarşısını almaq üçün tullanrı suların idarəsini düzgün təşkil etməlidirlər.