Şamaxıda qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri aşkarlandı – FOTO

0
328

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində monitorinqləri davam etdirir.

Agentlik əməkdaşları yerli icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. 

Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmayan və qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.