Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək

0
375

Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd edəcək.

Muzeydən verilən məlumata görə, bu münasibətlə mayın 18-də müxtəlif icma nümayəndələri ilə onlayn görüşlər keçiriləcək.

Ayrı-ayrı icmalarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Milli Xalça Muzeyi bu dəfə də müxtəlif sənət sahələri üzrə mütəxəssislər, sənətkarlar arasında ünsiyyət körpüsü yaradacaq. Görüş zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” proqramları ilə bağlı məlumat veriləcək, bu istiqamətdə müxtəlif icmaların fəaliyyəti müzakirə olunacaq. Onların rifahının yüksəldilməsi məqsədilə öz potensiallarını üzə çıxarması, yerli yaradıcı məhsulları və xidmətləri ölkə daxilində, həmçinin xarici bazarlarda tanıtması və s. mövzularda fikir mübadiləsi aparılacaq.

Sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri ilə görüş zamanı indiyədək birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açılacaq. Ölkəmizin ilk inklüziv muzeyi kimi Azərbaycan Milli Xalça Muzeyi ilə bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunulacaq.

Qarabağ muzeylərinin direktorları ilə onlayn görüş zamanı isə işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə ediləcək. Həmin muzeylərin kolleksiyalarının öz vətəninə qaytarılması məqsədilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq komitələri ilə həyata keçirilən danışıqlar, toplanmış yeni məlumatlar  ətrafında fikir mübadiləsi aparılacaq.

Bununla yanaşı, mayın 18-də, saat 19:00-da muzeylər içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu keçirəcək. Azərbaycan dilində baş tutacaq oyunda qeydiyyatdan keçən ilk 20 komanda iştirak edəcək, digər komandalar isə gözləmə siyahısında yer alacaq. Oyun muzeyin “Facebook” səhifəsindən canlı yayımlanacaq.

Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq. Qaliblər isə müxtəlif hədiyyələr qazanacaqlar.

Odur ki, intellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəs aşağıdakı linkdən qeydiyyatdan keçə bilər.

Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyirsinizsə, muzeyin “Facebook” səhifəsindən canlı yayımlanacaq konserti izləməyi unutmayın!

Qeyd edək ki, 18 may Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.