Gömrükdə mebel dəstinə yerləşdirilmiş külli miqdarda narkotik vasitə aşkarlandı – VİDEO

0
367

Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə olan həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) xəbər verib.

Belə ki, DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına mebel yükü aparan Rusiya vətəndaşının idarə etdiyi “Renault Magnum” markalı “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib. Qurğuda şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb və yük boşaldılıb.

Təkrar yoxlama zamanı xidməti it yerə boşaldılan altı ədəd kreslonun və iki ədəd divana reaksiya verib. Yoxlama zamanı yerə boşaldılmış divan və kresloların qoltuqluqlarında xüsusi düzəldilmiş yerdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilən 34 ədəd bağlama aşkar edilib. Baxış zamanı bağlamalara 43 kq 491 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə olan həşişin yerləşdirildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.