Azərbaycanlı idmançı ABŞ-da birinci oldu

0
327

ABŞ-da yaşayan 11 yaşlı azərbaycanlı bədii gimnast Məryəm Mustafayeva Nevada ştatındakı yarışda qızıl medal qazanıb.

Bu barədə M.Mustafayevanın anası Nataşa Mustafayeva məlumat verib. N.Mustafayeva bildirib ki, qızı dörd mərhələdən ibarət “Rhythmic Divas Invitational Las Vegas Competition 2021” turnirində növbəti mərhələyə vəsiqə qazanıb.

O, M.Mustafayevanın dörd yaşından gimnastika ilə məşğul olduğunu və qısa vaxt ərzində böyük uğurlar qazandığını deyib: “Məryəm 2010-cu ildə Bakıda anadan olub. 2014-ci ildə isə ABŞ-a köçmüşük. Hazırda Florida ştatında yaşayırıq. Məryəm 5-ci sinifdə oxuyur, əlaçıdır. Eyni zamanda gözəl rəsm çəkir, pianinoda musiqilər ifa edir. Məryəmin atası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Onun ən böyük arzusu Məryəmin gimnast kimi yetişməsi idi. Artıq yeddi ildir ki Məryəm hər gün üç saat gimnastika ilə məşğul olur. Bu günə qədər qatıldığı yarışlarda böyük uğurlar qazanıb. Qazandığı bu birincilik isə onu daha da yüksəklərə aparacaq. Növbəti mərhələdə Məryəm ABŞ-ın bütün ştatlarından gələn gimnastlarla Nyu-York şəhərində yarışa qatılacaq. Ümumilikdə isə o, 7-ci mərhələdədir, 10-cu mərhələdən sonra isə milli gimnast statusunun sahibi olacaq”.

N.Mustafayeva Məryəmin üzərində buta simvolunun əks olunduğu xüsusi geyimlərlə yarışlara qatıldığını və Azərbaycanı təmsil etdiyini də dilə gətirib.