SOS: Ölkəmizdə koronavirusdan ölənlərin sayı buna görə artır

0
422
SOS: Ölkəmizdə koronavirusdan ölənlərin sayı buna görə artır

Azərbaycanda koronavirus infeksiyasına yoluxma bir gündə iki dəfə azalsa da, ölüm sayı artmaqdadır. Bu arada əksər ölkələrdə üçüncü dalğanın olduğu bildirilir, bizdə isə bu rəsmi şəkildə heç vaxt elan edilmir. Bəziləri bunu hökumətin sərt qapanmaya getmək istəməməsi ilə əlaqələndirir.

Azərbaycanda xəstələrin sayı çox olarsa, xəstəxanalarda bu dəfə də yer olmayacağını deyənlər də var.

Bu arada vaksinasiya prosesinin sürətlənməsi qərara alınıb. Artıq İsveçin “AztraZeneca” vaksini ölkəmizə gətirilib, “Sputnik V” peyvəndinin isə yaxın vaxtlarda gətiriləcəyi bildirilir. Artıq 3 vaksin dövriyyədə olarkən seçimlər necə olacaq? Kim hansı vaksini istəsə vurdura biləcəkmi, yoxsa Çinin “CoronaVac” vaksini bitəndən sonra digərlərinin vurulmasına başlanılacaq?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Musavat.com-a açıqlamasında heç bir elmi ədəbiyyatda epidemiya və pandemiyalar zamanı dalğa ifadəsinin olmadığını bildirib.

“İnfeksiyalar zamanı epidemik proseslər nəticəsində epidemik alovlanma baş verir ki, bu da yüksək yoluxma səviyyəsinə səbəb olur.

Bir infeksiya epidemiyaya səbəb olursa, epidemiya dövründə bir və yaxud bir neçə dəfə bioloji və sosial amillərin təsiri nəticəsində yenidən epidemik alovlanma baş verə bilər. Keçən il fevralın 27-də ölkəmizdə virusun olduğu təsdiq olundu, yoluxma artdı, aprel-may aylarında yoluxanların sayı 300-350 oldu. May ayında bu say 20 nəfərə düşdü. Bu, ölkəmizdə birinci alovlanma sayılır. Yayda yoluxma sayı 500-550 nəfər oldu, avqust ayında isə 40 nəfərə düşdü- bu ikinci alovlanma sayılır. Müharibə ilə əlaqədar payızda koronavirusa yoluxanların sayı 4500-ə qədər yüksəldi, yanvar ayında isə bu say aşağı düşdü – bu da üçüncü alovlanma idi. Hazırda dördüncü dəfə epidemik alovlanma baş verir”.

İnfeksionist qeyd edir ki, infeksiyaların qarşısının alınmasının elmi tərəfləri var:

“Epidemik alovlanma infeksion prosesin baş verməsinə səbəb olan bioloji prosesdir. İnfeksion proses isə mikroorqanizmlə (virus, bakteriya) makroorqanizm (insan) arasında hüceyrə, toxuma, orqan və sistem səviyyəsində gedən, sonuncunun məhv olması ilə nəticələnən mürəkkəb bir bioloji prosesdir. Yəni sonda ya virus məhv olur, ya da insan. İnsanın məhv olmasının qarşısını almaq üçün infeksion prosesin qarşısını almalıyıq. İnfeksion prosesdə 3 faktor rol oynayır. İnfeksiya mənbəyi, yoluxma yolu, həssas orqanizm. Hər üç faktorun hər birinin arasında zəncirin qırılması ilə epidemik alovlanmanın qarşısını almaq mümkündür. Belə ki, infeksiya mənbəyinə qarşı əks-epidemik tədbirlərə xəstə və virus gəzdiricilərin vaxtında aşkar edilib təcrid edilməsi. Onlarla təmasda olanların müvafiq infeksiyanın inkubasiya dövrünə uyğun günlər ərzində klinik-laborator cəhətcə nəzarət altına alınması. Ola bilər xəstə xəstəliyi asimptom keçirər, klinik əlamət olmaz, o zaman laborator göstəricilər müəyyən informasiya verər. İnfeksiya baş verən yerdə dezinfeksiya işlərinin aparılması vacibdir. Epidemik alovlanmanın qarşısının alınmasında məhz bu tədbirlər çox böyük rol oynayır. Yoluxma yoluna qarşı əks-epidemik tədbirlərə gəldikdə isə koronavirus infeksiyası hava-damcı yolu ilə yoluxduğu üçün maska taxmaq bu zənciri qırmağın yeganə yoldur.

Həssas makroorqanizm-yəni insanlar elə etməlidirlər ki, həmişə immunitet qaydasında olsun, yəni zəifləməsin. Bunun üçün keyfiyyətli qidalanma, soyuqdan qorunma və s. kimi amillər əsas şərtlərdir. Digər tərəfdən, spesifik profilaktik tədbirlərdən yararlanmaqla (vaksinasiya) infeksion patologiyadan qorunmaq mümkündür”.

Həkim xəstəxanalarda yerlərin məhdud olması ilə bağlı iddalara da cavab verib:

“Biz artıq o təcrübəni keçmişik. Hazırda yoluxma 2 min ətrafındadır, payızda yoluxma sayı 4500 nəfəri keçəndə tibb müəssisələrimiz rahatlıqla qəbul etdi və epidemik alovlanmanı biz ötürdük. Bir sözlə, xəstəxanalarda lazım olan səviyyədə şərait var”.

V.Cavadzadə vaksinlərlə bağlı suala da cavab verib:

““Sputnik V” yəqin ki, yaxın 2-3 ay ərzində gətirilər. İnsanlar vaksinasiya prosesində iştirak etməlidirlər, peyvənd olunmuş insanların sayı nə qədər çox olsa, xəstələnənlərin, ölüm hallarının kəskin azalmasına səbəb olacaq. Hazırda yaşlı insanlar var ki, vaksinasiyada iştirak etməyiblər. Bir ölkəyə üç vaksinin gəlməsi isə bizim uğurumuzdur. Ölkə var ki, bir vaksini belə əldə edə bilmir. Vaksinlərin hamısının tətbiqində eyni məqsəd var: süni yolla aktiv immunitet yaratmaq. Bu vaksinlərin hansının işlədilməsinin fərqi yoxdur. Təki vaksinasiya prosesi sürətlə getsin, peyvənd olunan insanların sayı çox olsun. Vaksinlərin hazırlanma texnologiyaları fərqlidir. ”Sputnik V” və “AstraZeneca” eyni texnologiya ilə hazırlanır. “CoronaVac” ənənəvi üsulla hazırlanır. Hər biri xəstəlikdən qorunmaq üçündür.

O ki qaldı ölüm saylarının artmasına, hamısı özbaşına müalicənin nəticəsidir. Tibb bacılarının yanlış yazdığı müalicələr ölümlə nəticələnir. Yenə də deyirəm, evdə həkim nəzarəti olmadan müalicə qəbuledilməzdir.

Həkim gəlir görür ki, xəstənin saturasiyası düşüb, vəziyyəti ağırlaşıb, xəstəxanaya getməlidir. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçmiş olur. Sonra da xəstə yaxınları deyirlər ki, “xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür”. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirirlər. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var…”

Qeyd edək ki, TƏBİB də son günlər yanlış müalicə ilə bağlı həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib: “Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVİD-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik”.