Ermənilərin Tuğ kəndində dağıtdıqları qədim bəy evləri – VİDEOREPORTAJ

0
335

Xocavənd rayonunun Tuğ kəndindəki mədəni abidələrlə yanaşı, kəndin qədim evləri də erməni vandalizminə məruz qalıb. Bu kənd vaxtı ilə Qarabağdakı səfalı yurd yerlərimizdən biri olub. Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə ermənilər tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Tuğ kəndi Xocavənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir.

İşğala qədər kənd əhalisi əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana yerləşirdi. Tuğ kəndinin Məlikyeqanovlar, Məlikaslanovlar, Cahangirlilər, Mehdibəylilər, Aslanbəylilər, Gülməmədlilər, Talıbxanlılar, Budaqlılar, Səlimbəylilər, Cəfərlilər, Vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

Kəndin mərkəzi hissəsində bəylərə məxsus evlər olub. Sonradan həmin evlərdən internat məktəbi kimi istifadə edilib. Kənd işğal ediləndən sonra erməni vandalları həmin bəy evlərinin bir çoxunu tamamilə dağıdıb, indi o evlərin bəzilərinin sadəcə qalıqları qalıb.