Premyer Liqada XV turun iki oyunu baş tutacaq

0
281

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq.

Şəhərin eyniadlı komandası “Keşlə”ni qəbul edəcək. Əyalət təmsilçisi 15 xalla 5-ci, paytaxt klubu 13 xalla 6-8-ci yerləri bölüşdürür. Komandalar indiyədək çempionatda 49 dəfə üz-üzə gəliblər. 13 dəfə meydan sahibləri, 18 dəfə “Keşlə” 3 xal əldə edib. 18 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür – 65:48. “Qəbələ” son 5 matçda qalib gələ bilməyib. “Keşlə” isə səfərdə 6 oyundur ki, uduzmur.

Tura “Zirə” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq. “Qartallar” 23 xalla üçüncü, “Sabah” da isə 13 xalla 8-ci pillədə qərarlaşıb. Rəqiblər Premyer Liqada X dəfə qarşılaşacaqlar. Əvvəlki 9 duelin 3-də “Zirə” 4-də isə “Sabah” qələbə qazanıb. Topların fərqində isə “Sabah”ın minimal hesablı üstünlüyü var – 11:10. “Zirə” son 6 matçda yalnız 1 dəfə uduzub. Zirədəki oyunların hamısında eyni sayda – 2 qol vurulub.

Azərbaycan Premyer Liqası, XV tur

14 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu.

17:00. “Zirə” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Zirə İdman Kompleksinin stadionu.