Əli Əsədovdan daha bir qərar

0
389

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən “Büdcə sistemi haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, o cümlədən Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin layihəsinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə:
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədinin layihəsini, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansının layihəsini 2021-ci il sentyabrın 15-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
2.1. cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2020-ci ilin ilkin statistik məlumatlarını 2021-ci il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
2.2. növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2022-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2021-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını isə 2021-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin məbləğini 2021-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2021-ci il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
3.2. büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin proqramları (tədbirləri) üzrə fəaliyyət planlarının, habelə baza proqnozlarının və yeni siyasət təşəbbüslərinin hazırlanmasına dair təlimat məktubunu 2021-ci il fevralın 15-dək OMXÇ sənədinin hazırlanmasında iştirak edən aidiyyəti təşkilatlara göndərilməsini təmin etsin;3.3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb 2021-ci il mayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.4. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, yığılması, istifadə edilməsi və uçotunun aparılması sahəsində vahid normativ hüquqi aktın tətbiqi ilə bağlı təkliflərini aidiyyəti qurumlarla razılaşdırmaqla hazırlayıb 2021-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinin layihəsi ilə birlikdə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanan sənədlərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi üçün həmin sənədlərin icmallaşdırılması işləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2021-ci il aprelin 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilən dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, 2021-ci il aprelin 8-dək Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etsin;
5.2. 2021-ci il üçün dəqiqləşdirilmiş, 2022-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2022-ci il üçün ilkin proqnozlarını 2021-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının layihəsini 2021-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
5.3. 2022-ci il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2021-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2021-ci il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etsin;
5.4. vergi və rüsumlar üzrə 2020-ci ildə tətbiq edilən güzəşt və azadolmalara dair məlumatları “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və 2021-ci ildə gözlənilən güzəşt və azadolmalara (vergi və rüsumların növləri ayrılıqda göstərilməklə) dair məlumatları 2021-ci il iyunun 1-dək, iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmış vergi ödəyicilərinə (şəhər və rayonlar göstərilməklə) dair məlumatları isə 2021-ci il iyunun 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
5.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini 2021-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
5.6. 2022-ci ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;5.7. sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərini hazırlayıb 2021-ci il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
5.8. 2021-ci il iyulun 1-dək respublikanın şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri ilə bağlı 2020-ci il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
5.9. təqdim olunacaq makroiqtisadi proqnoz göstəricilərinin siyahısının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar layihəsini hazırlayıb 2021-ci il mayın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları:
6.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
6.2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarələrin, təşkilatların və dövlət müəssisələrinin rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq məqsədilə 2021-ci il fevralın 5-dək və iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
8. Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
9. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə sektor strateji planlarını hazırlayıb 2022-ci il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
10. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatları, həmçinin monetar sektora və tədiyə balansına dair cari ilin gözlənilən, növbəti il və sonrakı üç il üçün isə dəqiqləşdirilmiş proqnoz göstəricilərini 2021-ci il aprelin 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
11. Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu və Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2021-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
12. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu”nun, növbəti büdcə ili və gələn üç il üçün büdcə layihəsinin ilkin variantını 2021-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi vergi və rüsumlar üzrə 2020-ci ildə tətbiq edilən güzəşt və azadolmalara dair məlumatları “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və 2021-ci ildə gözlənilən güzəşt və azadolmalara (vergi və gömrük rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatları 2021-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
14. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki:
14.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2022-ci il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
14.2. büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə kreditlər, qrantlar və ya digər maliyyələşmə formalarından asılı olmayaraq, 2022-ci il və sonrakı üç il üçün bütün mövcud və davam etməkdə olan layihələr üzrə baza proqnozlarını və yeni siyasət təşəbbüsləri (YST) ilə bağlı sifarişlərini, eləcə də proqramlar (tədbirlər) üzrə fəaliyyət planlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu Sərəncamın 3.2-ci yarımbəndində göstərilən təlimat məktubuna uyğun olaraq, 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
14.3. davam edən layihələrin əsaslı xərclərinə dair məlumatları, həmçinin yüksək prioritetli yeni investisiya təklifləri üçün tələb olunan xərclərin təhlilinə dair məlumatları 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
14.4. 2022-ci il və sonrakı üç ilin büdcə layihəsi hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın tələblərinə əməl etsinlər.
15. Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2021-ci il iyulun 1-dək:
15.1. aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
15.2. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
16. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, eləcə də növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini və toplu maliyyə balansının layihəsini hazırlamaq üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etsinlər.
17. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar, nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan digər təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”ndan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələri keyfiyyətlə və müəyyən olunmuş icra müddətlərində yerinə yetirilməsini təmin etsinlər.
18. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.