“İşğaldan azad edilən ərazilərdə 1000-ə yaxın abidənin qeydiyyatı aparılıb”.
Bunu AzTv-nin efirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Azad Cəfərli deyib.
Onun sözlərinə görə, Şuşada qeydiyyatdan keçmiş 210 abidənin 142-si Şuşa Tarix və Mədəniyyət Qoruğunun payına düşür:
“Biz onların hamısını bərpa etmək əzmindəyik. Bilirsiniz ki, həmin şəhərlərdə xüsusi ilə orta əsrlərə məxsus bir mühit olub. Bu mühiti geri qaytarmaq üçün isə abidələrin ilkin simasına xələl gətirmədən, müvafiq templə və bərpa strategiyasına uyğun olaraq işləri aparılacaq. Açıq səma altında muzeylərin təsis olunmasını planlaşdırırıq”.
O əlavə edib ki, mədəniyyət abidələrinin məhv edilməsi Ermənistanın vandallıq siyasətindən, bizim mədəni irsimizi tamamilə silmək istəyiblər:
“Müsəlmanların dini inanc yerləri olan məscidlər, türbələr və ziyarətgahlara qarşı qeyri-insani münasibət göstərilib, bir çox məscid və türbə tamamilə məhv edilib və ya öz dini-tarixi təyinatına zidd olaraq tövlə kimi istifadə olunub”.