Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək

0
269

“Gürcüstan ərazilərini işğalda saxlayan ölkənin də təmsil olunduğu sülh platformasında iştirak etməyəcək”.

Bunu Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili Rusiya xarici işlər nazirinin bəyanatına münasibət bildirərkən deyib.

Nazir müavini qeyd edib ki, regional sülh platformasının təsis edilməsi ilk növbədə Azərbaycan, Gürcüstan və Ermənistan arasında dialoq və əməkdaşlıq çərçivəsində təsis edilməlidir: “Biz regionda sülh və stabilliyə böyük önəm veririk. Bu, Cənubi Qafqazın davamlı inkişafı üçün başlıca şərtdir. Müvafiq olaraq, Gürcüstan ölkəmizin və regionumuzun təhlükəsizliyi və çiçəklənməsi məqsədi daşıyan addımları dəstəkləyir. Bu baxımdan, sülh platformalarının qurulması olduqca önəmlidir. Bu platformalar hər şeydən öncə Cənubi Qafqazın üç ölkəsi olan Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq çərçivəsində yaradılmalıdır. Bu vacib regional layihələrin və əməkdaşlığın inkişafı üçün başlıca şərtdir. Bildiyiniz kimi, Gürcüstan Azərbaycan və Ermənistan arasında silahlı münaqişə alovlandığı zaman bu təkliflə çıxış etmişdi. Ötən gün açıqlanan geniş regional sülh platforması təşəbbüsünə gəlincə isə Gürcüstan öz ərazilərini işğalda saxlayan dövlətin də təmsil olunduğu platformada iştirak etməyəcək. Bizim mövqeyimiz budur ki, istənilən əməkdaşlıq platforması qarşılıqlı hörmət, suverenlik və iştirakçı ölkələrin ərazi bütövlüyünə əsaslanmalıdır. Ona görə də biz inanırıq ki, belə təşəbbüs işğalın başa çatdırılması üçün müvafiq addımlar atılanadək uğurlu olmayacaq”.