ABŞ-da mühacir azərbaycanlıların uyuduğu qəbiristanlıq – FOTO

0
439

ABŞ-a mühacir kimi köçmüş, bu ölkədə vəfat etmiş həmvətənlərimizin uyuduqları və təəssüf ki, yox olmaq üzrə olan azərbaycanlıların məzarlığından çoxumuz xəbərsizik.

Müsəlman qəbiristanlığında azərbaycanlıların məzarını tapmaq heç də, asan olmadı. Lakin qəbiristanlıq işçilərindən əldə etdiyimiz xəritə ilə böyük ərazisi olan məzarlıqda artıq itib-batmaq üzrə olan məzarları çətinliklə də, olsa tapa bildik.

Vətən həsrətilə yaşamış insanların ətrafını ot basmış məzarlarının ziyarətçi üzünə həsrət qaldığı açıq şəkildə görünür. İllərdir ziyarət olunmayan qəbirlərdə nə bir gül-çiçək, nə də bayraq gördük.

Qeyd edək ki, qəbiristanlıqda ölkəmizin müxtəlif şəhərlərindən (Gəncə, Şəki, Salyan, Naxçıvan, Bakı, Qarabağ bölgəsi və s.) olan 30-dan çox məzar var. Məzarların üzərindəki kiçik dəmir lövhələrdə mərhumların ad və soyadları, doğulduqları ölkə və şəhər, eyni zamanda doğum və ölüm tarixləri yazılıb.

Baxımsız qalan qəbirlərin bəziləri artıq yox olmaq üzrədir. Bələdçimiz, 40 ildən çoxdur ABŞ-da yaşayan Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli qəbirlərin üzərinə çiçək dəstələri və Azərbaycan bayrağı qoyaraq, həmvətənlərimizin ruhuna dualar oxudu.

E.Yerdələnli deyir ki, dünyasını dəyişənlərin bəzilərini şəxsən, bəzilərinin isə doğmalarını tanıyır:

“Onların bir çoxu ABŞ-a mühacir olaraq gələn ilk azərbaycanlılardır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və bolşeviklərin zülmündən qaçan 30-dan çox azərbaycanlı bura gəlib. Onların bir çoxu Nyu-Yorka sığınıb, burada Azərbaycan Cəmiyyətini qurublar. Məqsədləri bir gün müstəqil Azərbaycana geri dönmək idi. Çətin şərtlərlə burada pul toplayıb, Azərbaycan Evi üçün bina almışdılar. O evin həyətində məscid də vardı. Onlar ABŞ-da Azərbaycan mədəniyyətini yaşadırdılar. Tez-tez Azərbaycan Evində toplaşırdılar, bayramları burada qeyd edirdilər, bir-birilərinə arxa-dayaq olurdular. Azərbaycan bayraqları ilə yürüşlər edir, Vətəndən uzaq olsalar da, Vətən həsrəti ilə yaşayırdılar. Hər biri Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün mücadilə verən böyük şəxsiyyətlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəyin oğlu Saleh bəy Şeyxzamanlı, azadlıq mübarizəsində onlarla çiyin-çiyinə savaşmış İlhan Adıgözəl, Abasalam Kazımzadə və tanımadığım daha bir neçə böyük şəxsiyyət bu məzarlıqda uyuyur”.

E.Yerdələnli deyir ki, məzarlıqda İkinci Dünya müharibəsi illərində Almaniyada xidmət etmiş və faşistlərdən qaçaraq ABŞ-a sığınan bir qrup azərbaycanlının da məzarları var:

“Onların sayı təxmini 250-300 nəfərdir. Qəbiristanlıqda həmçinin digər türkdilli ölkələrdən olan insanların da məzarları var. Onlardan fərqli olaraq, burada dəfn olunan və ya ABŞ-a ilk gələn azərbaycanlılar haqqında dolğun məlumat yoxdur”.