Yasamalda Respublika günü qeyd olunub

0
660

Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi, M.Müşfiq adına 18 saylı məktəbin təşkilatçılığı ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində 28 May-Respublika gününə həsr olunmuş “Şərqin sönməyən günəşi” adlı tədbir keçirilib. 

Tədbirdə icra başçısı Əziz Əzizov, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təsiscisi və direktoru Sabir Həsənov, Azərbaycan şairi və yazıçısı Əli Rza Xələfli və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə 18 saylı məktəbin direktoru Rəna Süleymanova açıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr olunmuş məktəbin hazırladığı videoçarxı təqdim edib.

İcra başçısı Əziz Əzizov xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gün olduğunu diqqətə çatdırıb. Əziz Əzizov vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.

Şagirdlərin ifasında İçərişəhərdə lentə alınmış Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş, kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda Təhsil Nazirliyinin dəstəyi ilə Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbdə lentə alınan “Himnimizə hörmət və ehtiramla” videoçarxı nümayiş olunub. Qeyd etmək lazımdır ki, bu çarx son günlər sosial şəbəkələrdə ən çox izləyici sayı toplayıb.