BAYRAM ASTANASINDA USTADLA

0
782

Bu bayram hamımızındır və bayramlarımız içərisində ondan üstünü də yoxdur.
İstiqlal bayramımız lap yaxındadır və Respublika günü ərəfəsində ustad Şirməmməd Hüseynovgilə növbəti dəfə qonaq getdik ki, həm bayramlaşaq, həm də bayramın əslinə bir az da yaxın olaq.
Çünki o, varlığı ilə elə həmin əziz bayramın rəmzi olan müstəsnalardandır.
Professor Şirməmməd Hüseynov qurucu babalarımızı, onların irsini diri saxlayan, bu sinnində də hər gün əlində qələm o misilsiz mirası hər kəsin şüuruna yönəltmək üçün usanmadan işləyən nadirlərdəndir.
Şirməmməd Hüseynovla hər görüş mənə elə Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşları ilə canlı təams kimi gəlir.
Azərbaycanda o böyük Vətən fədailəri haqqında bunca eşq və şövqlə bəhs edən, həmin irsə bunca vurğun olan, həmin düşüncə və məslək sərvətinin ən uzaq sabahlara çatması üçün bu qədər canıyananlıqla qədər çalışan ayrı bir insanı tanımıram.
Şirməmməd Hüseynov şirəli bəhrələri ilə insanları fərəhləndirən bir qocaman və qocalmaz tut ağacına bənzəyir.
Yurdun qənimət şəxsiyyətlərindən və çağdaşımız olan klassik, istiqlalçı babalarımızın (onlara elə məcazi mənada “baba” deyirik. Axı aralarında ən yaşlısı Əlimərdan bəy Topçubaşı idi ki, yaşı 50-ni yenicə adlamışdı) simsarı, hayanı, təəssübkeş qoruyucusu və təbliğçisi Şirməmməd ustad hər həftə xalqa qəzet səhifələrində cümhuriyyət irsimizlə bağlı səhifə-səhifə yazılar təqdim edir və bir qədər nigarandır: “Görən oxuyurlarmı bütün bunları?!.”.
Yəni bilir ki, oxumağına oxuyanlar var və az deyil, lakin umur ki, millət, vətənçilik dərsliyinin əvəzsiz parçaları olan bu yazıları bütün millət mütaliə etsin və ibrətlər götürsün.
Fəqət yazdıqlarını nə qədər yurddaşın oxumasından asılı olmayaraq Ustadın bir təsəlli yeri də var.
Deyir ki, əsas odur bizə müstəqilliyi yadigar qoymuş həmin millət pərvanələrini diri, ayaqda saxlayırıq”.
Öz böyük əməklərinə Şirməmməd Hüseynovun bu qiyməti nə qədər təvazökarcasına söylənmiş bir dəyərləndirmə olsa da, hər halda vacibdən vacib bir həqiqəti ifadə edir.
Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin dekabrında, Azərbaycan Parlamentibnin – Məclis-i məbusanın ilk iclasında çıxış edərkən tarixdə qalacaq sözləri dilə gətirmişdi: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.
Təməl qoyan, istiqlal imarətini ucaldan o KİŞİLƏR yaxşı dərk edirdilər ki, bir bina üzərində ucalan bayrağı endirmək mümkündür, belə təhlükə həmişə var da. Lakin istiqlal bayrağı ürəklərdə və düşüncələrdə dalğalansa, həqiqətən o bayrağı heç bir qüvvə nə endirə, nə sarsıda bilər.
İstiqlal bayrağını qəlblərdə və beyinlərdə dalğalandırmaq və yenilməz ucalarda saxlamaq ustad Şirməmməd Hüseynovun ömrünün ali mənasıdır.
Tale müstəqillik bayramımızın çox-çox yeni ildönümlərini əziz Şirməmməd müəllimlə birgə sevinmək imkanını bizlərdən əsirgəməsin!

Rafael Hüseynov