Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qaz təchizatının açılışı olub – FOTO

0
425

SOCAR-ın prezidenti Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan Yırğançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak edib.

SOCAR-dan  verilən məlumata əsasən, mərasimdə həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Yırğançay kəndinin qazlaşdırılması nəticəsində 496 yeni abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb.

Məlumat verilib ki, Dmanisi bələdiyyəsində ümumilikdə 295 kilometr uzunluğunda qaz boru kəməri inşa edilib, 7 029 abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb.

2020-ci ildə burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır. Dmanisi bələdiyyəsi üzrə ümumi qazlaşdırma səviyyəsi 83,1 faiz təşkil edir.

Ümumiyyətlə, bu ilin sentyabrın 1-ə olan məlumata görə, SOCAR tərəfindən bütün Gürcüstan üzrə 10 297 kilometrdən artıq qaz kəməri çəkilmiş və 306 504 abonent qazlaşdırılıb. 2020-ci il üçün 15 yaşayış məntəqəsində 2483 potensial abonenti əhatə edəcək 128,9 kilometrlik qaz şəbəkəsinin çəkilişi planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 300 kilometrlik qazpaylayıcı şəbəkənin operatorluğunu həyata keçirir və 742 000-dən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın səviyyəsi 76,9 faiz təşkil edir.