JURNALİSTİKANIN FƏLSƏFƏSİNƏ YANAŞMA DƏYİŞİLMƏLİDİR

0
1011

Bir ay idi “Azərbaycan müəllimi” qəzetinə baş redaktor təyin olunmağım. “HEYDƏR ƏLİYEV VƏ MİLLİ TƏHSİL QURUCULUĞU” sərlövhəli publisist bir məqalə yazdım.Həmin məqaləni “Azərbaycan” qəzetinə təqdim etdim. O vaxt yaxın dostum olan baş redaktor Bəxtiyar Sadıqov dərhal bir qəzet səhifəsi həcmində olan həmin məqaləni dərc etdi. Ertəsi gün nahar fasiləsi zamanı təhsil naziri Misir Mərdanov mənə zəng etdi. Hal-əhval tutduqdan sonra “Azərbaycan” qəzetində dərc olunan möhtəşəm yazımı oxuduğunu söylədi və dərin təşəkkürünü bildirərək dedi ki, ona bu məlumatı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov telefon danışığı zamanı verib və oxumağı məsləhət bilib. Şübhəsiz Misir Mərdanovun və Əli Həsənovun məqaləmə bu cür sayğı ilə yanaşması məni daha da ruhlandırdı və növbəti siyasi publisistik məqalələri ortaya qoymağa məcbur etdi. Bir-birinin ardınca sayca ondan artıq məqaləm həmin rəsmi dövlət qəzetində, ” Respublika”, “Xalq” və rusca ” Bakinskiy Paboçiy” qəzetlərində işıq üzü görürdü.

Yeri gəlmişkən təvazökarlıqdan uzaq olsa da bir məqamı da söyləmək istəyirəm. Rusca məqalələrimi dərc etməzdən öncə Prezident Administrasiyasına Ramiz Mehdiyevə təqdim etməli olacağını da qəzet rəhbərliyi mənə bildirdi.İki gün sonra isə baş redaktor özü mənə zəng edib dedi ki, məqalələrimi Administrasiyaya təqdim etməyə ehtiyac olmadığını hörmətli akademik Ramiz Mehdiyev söyləyib və əlavə edib ki Valeh Mirzənin qələminə bələdəm, dərc et qəzetdə oxuyaram. Bu kimi faktlar məni sözün tam mənasında daha məsuliyyətlə yazıb-yaratmağa ruhlandırdı və çox keçmədi ki Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən iki eyniadlı ” AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN QOŞA QANADI” kitablarım ərsəyə gəldi. 2007-ci ildə mən “Azərbaycan müəllimi ” qəzetindən bu və digər səbəblərə görə işdən çıxdım. Adlarını çəkdiyim hörmətli şəxsiyyətlər də bildilər bunu. Sağlam əqidəli bir qələm sahibinin, saf və təmiz bir insanın, partiya silahdaşının işsiz olduğunu ötən bu illər ərzində hamı bildi. Mən zərrəcə ruhdan düşmədim və ötən bu illər ərzində Möhtərəm cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edən yüzdən yuxarı məqalə ortaya qoydum.Həmin məqalələr, bədii yaradıcılığımı -ölkə rəhbəri haqqında qələmə aldığım poema və şeirləri də nəzərə alsaq təxminən on kitab həcmində yazılarım da ölkə mətbuatında oxuculara təqdim olundu və bu missiyamı prinsipial səviyyədə daha əzmkarlıqla davam etdirirəm. Amma üzücü hal olsa da təbliğ etdiyim məmləkətimdə özümə və fəaliyyətimə qarşı sayğısızlığın, diqqətsizliyin əzabını çəkməkdəyəm. Yaradıcılıq potensialımı yüksək dəyərləndirən hörmətli şəxsiyyətlər nədən mənim taleyimə qarşı bu qədər soyuqqanlıdırlar?! Mən heç bu günədək əməkdar jurnalist fəxri adını da almamışam, məni ustad adlandıranların sinələrini isə orden-medallar bəzəyir, müxtəlif fəxri adları daşıyırlar.

Atalar nə gözəl deyiblər: “Ho var ata mindirər, Ho da var atdan endirər” Şəxsiyyətlərinə hədsiz hörmət bəslədiyim insanlar əvvəlcə məni tərifləyib ata mindirdilər, sonra isə taleyimə nümayiş etdirdikləri diqqətsizliklə attan endirməkdə davam edirlər..Budurmu jurnalist adını şərəflə daşıyan, Azərbaycan dövlətçiliyinin bir nömrəli təbliğatçısı olan təmiz və peşəkar jurnalistə verilən qiymət?! Təkcə Vüqar Səfərovun bu günlərdə imzaladığı məlum qərarla jurnalisikamızı xilas etmək mümkün olmayacaq.Jurnalisikanın fəlsəfəsinə yanaşma kökündən dəyişilməlidir.

İCTİMAİ NƏZARƏT KOALİSİYASINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN, TELEKANALLARIN VƏ ELEKTRON MEDİA PORTALLARININ FƏALİYYƏTLƏRİNƏ NƏZARƏT DEPARTAMENTİNİN SƏDRİ, “KOBRAMEDİA.AZ” SAYTININ BAŞ REDAKTORU Valeh Mirzə