Qələbə əzmimiz tükənməsin

0
944

Vətən torpağı uğrunda qurban gedənlərin əbədi şərəf məbədi hər birimizin qəlbində qurulur. Bu dünyaya əziyyət çəkib imtahan vermək, kamil insan adını qazanmaq üçün gəldiyimizin mahiyyətini dərk edənlərdən və dünyasını dəyişənlərin hər birinin yaxınlarından, əzizlərindən Allahın səbri əskik olmasın.

Gedənlər hüzur dünyasında, qalanlar imtahan dünyasındadır. Bu dünyadakı hüzurlarımız isə tezliklə işğaldan azad edəcəyimiz torpaqlarımızda tamamına yetişəcək.
Torpaqlarımızın düşməndən azad olacağı günün xəbərlərini eşitmək üçün bu gün hər bir vətəndaşımız əlindən gələn köməyi etməyə çalışır.
Bütün dünya xalqlarına örnək olası addımlar atılır. Yaşından asılı olmayaraq minlərlə insan cəbhəyə can atır. Yaşam əhəmiyyətli
müəssisələrdə çalışanlar əsgərlərə lazımi yardımlar göndərirlər.
Ölkə başçımızın dünya rəhbərlərinə nümunə olası fəaliyyəti, çıxışları, göstərişləri, əmrləri hər birimizə yüksək qürur hissi yaşamaqla yanaşı, xalqımızın ön və arxa cəbhədə olan hər bir vətəndaşının qəlbində böyük ümidləri yaradır.
Ümidimiz, inamımız, qələbə əzmimiz, lazımi kömək və fəaliyyət gücümüz tükənməsin.
Ölkə prezidentinin tapşırıqlarına hər birimiz olduğumuz, olmalı olduğumuz, ola biləcəyimiz yerdə əməl etməklə qələbəyə nail olacağıq.

Sənubər