Ali Məhkəmədən cəbhəyə dəstək

0
403

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli Azərbaycan ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə ağır sarsıdıcı zərbələr endirir.

Bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırada öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun maddi-texniki təchizatı möhkəmləndirilib, müasir silah və texnikalarla təminatı yüksəldilib.

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi, vətəndaşlarımız kütləvi könüllü olaraq orduya yazılması bir daha onu göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyur və qətiyyətli dəstək verir.

Ali Məhkəmənin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütamadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb.