Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb

0
397

Norveçin paytaxtı Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb. Osloda yaşayan həmyerlilərimiz üçün ilkin olaraq Azərbaycan dili dərsləri ilə fəaliyyətə başlayan məktəb, Norveçdəki Azərbaycan icması tərəfindən böyük dəstək və sevinclə qarşılanıb.
Məktəbin açılış mərasimində layihənin rəhbəri Ramil Əliyev Norveç Azərbaycanlıları Gənclər Təşkilatı “NAYO”, Oslo Azərbaycan Evi və Norveç Koordinasiya Şurasının adından tələbə və valideynləri təbrik edərək, bu layihənin həyata keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib. Ana dilimizin və mədəniyyətimizin digər ölkələrdə yaşamasına rəğmən, öyrənilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb etdiyini deyən Ramil Əliyev, yeni məktəbdə təhsil alacaq tələbələrə uğurlar arzulayıb.
Sonra çıxış edən Nizami Gəncəvi adına həftəsonu məktəbinin Azərbaycan dili müəlliməsi Arzu Rzayeva tələbələrə və onların valideynlərinə dil kursunun proqramı və istifadə olunacaq təhsil metodikası haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan Nizami Gəncəvi adına həftəsonu məktəbi gələcəkdə bir çox digər maraqlı layihələri həyata keçirməyi planlaşdırır.