Avqustun 15-dən sentyabrın 14-nə kimi Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində keçən il başlamış arxeoloji tədqiqatları davam etdirib.
Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.
Bir ay müddətində, keçən il tədqiqatları aparılmış 1 və 2 saylı qazıntı sahələrində qazıntı işləri davam etdirilib, əlavə olaraq yeni, 4 saylı qazıntı sahəsində tədqiqatlar başlanıb. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi dairələrdə tanınmış alim, Alman Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik etməkdədirlər.
Bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edilib. Bunlar antik dövrə aid keramika sobaları və yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olunub.
1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid dörd qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, muncuqlar və s. həmçinin, insan və heyvan qalıqları əldə olunub.
Qazıntı işləri dronla aparılan aerofotoçəkiliş vasitəsilə sənədləşib, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınıb.
Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilməyiblər. Buna baxmayaraq, bu ilki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.