Bakıda dəmir yolu işçisi vaqonun altında qalıb öldü

0
417

Sentyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadovun inşaat materiallarının daşınması üçün nəzərdə tutulmuş vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin başvermə səbəb və mexanizminin, habelə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.