Dövlət qeydiyyatından keçən dərmanların fərqli qiymətə satışı qadağandır – AÇIQLAMA

0
416

“Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən aparılır. Qiymət tənzimlənməsi ilk növbədə həyatı vacib və daha çox tələb olunan dərman vasitələri üzrə həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12 114 dərman vasitəsinin qiyməti təsdiq edilib”.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddənin adı və dozası, farmaseptik forması, miqdarı, habelə istehsalçı şirkət və ölkələr üzrə müəyyən edilir.

Bununla yanaşı dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri göstərilir.

Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidirlər:

“Qanunvericiliyə əsasən, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur. İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir. Alıcılar qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər”.