“Bədbəxt qardaşım əlillik ala bilmir” – Təqaüdsüz qalan onkoloji xəstə – VİDEO

0
440

Masallı rayon sakini Ədalət Ağayev əlilliyinin müəyyən olunmasında yaranmış problemlərdən şikayət edir.

Masallı rayonunun Hüseynhacılı kənd sakini Ədalət Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir. O, prostat vəzisi əməliyyatı keçirdikdən sonra səhhətində növbəti dəfə problem yaranıb. Bu dəfə xəstəyə mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulub. Amma bəzi səbəblərdən xəstəliyinə görə əllilərə verilən təqaüdü ala bilməyib.

Ədalət Ağayevin bu çətin günlərində yanında olan qardaşı Fərəməz Ağayev müvafiq qurumların biganə münasibətindən şikayətlənib. Onun sözlərinə görə, ağır xəstəlikdən əziyyət çəkən qardaşına I qrup əlillik dərəcəsi təyin olunmalıdır. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən əlilliyin müəyyən olunması üçün göndərilən müraciət forması düzgün yazılmayıb. Təqaüdün təyinatı məsələsi də bu səbəbdən gecikir.

Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasının mövqeyini öyrəndik. Xəstəxanadan bildirilib ki, yaxın vaxtlarda Ədalət Ağayev əlillik təyinatı alacaq və ona təqaüd veriləcək.