Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

0
521

Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Hakim Babək Pənahovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılan materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra onun barəsindəki cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.