Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.
Nazirlikdən verilən məlumata görə, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalarla qarşılıqlı əlaqədə işləyəcək.
İşsizlər, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər. Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.
İşsiz və işaxtaran şəxslər platformada “Vakansiya bankı” ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər.
Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.