Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan Mülki məcəllədə böhtan və təhqirə görə müəyyən edilən cərimələrin miqdarını 5 dəfə artırmağı təklif edib.
Bu təklif Ermənistan Jurnalistlər Birliyi tərəfindən qəzəblə qarşılanıb və ölkədə söz azadlığının məhdudlaşdırılması cəhdi kimi dəyərləndirilib.
Layihəyə görə, təhqirlə bağlı məcəllədə nəzərdə tutulan 1 milyon dramlıq (2 min ABŞ dollarından çox) cərimə iki milyon drama (4 min dollar), böhtana görə müəyyən edilən 2 milyon dramlıq təzminatın isə 10 milyon drama (təqribən 20,5 min dollar) çıxarılması təklif olunur.
Hökumət isə öz növbəsində təhqirə görə təzminatın 4 min, böhtana görə isə 6 min dollara qədər artırılmasını istəyir. Lakin parlamentin hakim “Xalqın xidmətçisi” partiyasının üzvlərindən ibarət olan müvafiq komissiyası, guya, hökumətin təklifini rədd edərək Alen Simonyanı layihəsini səsə qoyub.
İnformasiya azadlığı mərkəzinin direktoru Şuşan Doydoyan Mülki Məcəlləyə edilməsi nəzərə tutulan dəyişikliklərin heç bir effekt verməyəcəyini söyləyib. “Bunun nəticəsində normal mətbuat təhdid altında qalacaq, sifarişlə yazan media isə bu rəzil praktikasını davam etdirəcəkdir. Ermənistan üçün on milyon dram böyük məbləğdir və bu bir çox mətbu qurumun iflası deməkdir”,-deyə o, qeyd edib.
Şuşan Doydoyan 1999-2000-ci illərdə Köçəryan-Sərkisyan hakimiyyətinin də bənzər addımlar atdığını və bunun ilk zərbələrindən birinin məhz hazırkı baş nazir Nikol Paşinyana dəydiyini xatırladıb.
“Hələ 1999-cu ildə Nikol Paşinyanın baş redaktoru olduğu “Oragir” qəzeti 25 min dollar məbləğində cərimələnmiş və bu, qəzetin bağlanmasına səbəb olmuşdu. İndi isə baş nazirin özünün rəhbərlik etdiyi hökumətin analoji hərəkəti ən azından təəccüb doğurur”,-deyə Ş.Doydoyan bildirib.
Ermənistan Helsinki assosiasiyasının başçısı Nina Karapetyan isə iqtidarın bununla özünü tənqidlərdən qorumaq istədiyini söyləyib. Onun fikrincə, hakimiyyət istənilən fərqli düşüncəyə ağrılı münasibət göstərir. “İndi onların mövqeyinə uyğun olmayan bütün fikirlər təhqir kimi qəbul olunur.
Üstəlik, məhkəmə hakimiyyətinin hakim siyasi qüvvənin nəzarəti altında qaldığı nəzərə alınsa, iqtidarın jurnalistləri cəzalandırmaq niyyətində olduğunu demək mümkündür”,-deyə o rəyini ifadə edib.
Ermənistanın “Orakarq” portalının baş redaktoru Armen Vardanyan isə hakimiyyətin son addımının əvvəlki iqtidara yaxın mətbuatın hücumlarından müdafiə məqsədi daşıdığını iddia edib.