Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? – SORĞU

0
484

Koronavirus pandemiyası ilə əlaqədar ali təhsil müəssisələrində sentyabrın 15-dən dərslər onlayn başlayacaq. Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək.

Maraqlıdır, universitetlər koronavirusa qarşı daxili imkanlardan istifadə edilərək karantin qaydaları necə qorunacaq?

Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, digər ali təhsi müəsssələrində olduğu kimi Bakı Mühəndislik Universitetində (BMU) 2020/2021-ci tədris ilindən dərslər distant formada davam etdiriləcək:

“Oktyabrın ayının 1-dən isə müvafiq ixtisaslar üzrə razılaşdırılmaqla qismən əyani təhsil təşkil ediləcək. Epidemioloji vəziyyətdən asılı olaraq tədris prosesi Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara və Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq müəyyən edilən formada davam etdirələcək. Onlayn tədris sahəsində BMU geniş təcrübəyə malikdir. Belə ki, pandemiya dövründən əvvəl elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər mövcud olub və buna görə də həmin resursların istifadəsi pandemiya dövründə də davam edib.

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, həmçinin universitet işçilərinin sağlamlıqlarını qorumaq məqsədilə hər həftə BMU-da tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Bu istiqamətdə işlərin yüksək səviyyədə və davamlı olaraq həyata keçirilməsi üçün müxtəlif səth dezinfeksiyedici və təmizləyici vasitələr, qoruyucu geyimlər, həmçinin spirt əsaslı əl dezinfeskiyaedici məhsullar alınıb. Hər mərtəbədə bu məhsullardan maneəsiz istifadə üçün imkanlar yaradılıb”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel İsgəndər isə bildirib ki, Bakı Dövlət Universitetində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınmasını təmin etmək üçün hazırlıq işləri yüksək səviyyədə davam etdirilir:

“Yeni tədris ilinin başlamasına az müddətin qaldığını nəzərə alaraq, BDU-da virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə təlimat kitabçası hazırlanır. Təlimatda bütün metodik göstərişlər öz əksini tapıb. BDU əməkdaşlarının təhlükəsizliyi üçün lazımı şərait yaradılıb. Universitet ərazisinə daxil olan əməkdaşların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur, qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilir”.

Azərbaycan Texniki Universitetinin (AZTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın dediyinə görə, pandemiya ilə əlaqədar dərslər onlayn formada başlayacaq:

“Müəllim və tələbələr universitetə gəlməyəcək. Lakin əməkdaşların müəyyən bir hissəsi işə gəlib-getdiyi üçün universitet daxilində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Otaqlarda dezinfeksiyaedici vasitələrdən və tibbi maskadan istifadə edilir. Bundan sonra da Nazirlər Kabineti yanında operativ qərargahın və Təhsil Nazirliyinin tədris prosesi ilə bağlı verəcəkləri qərarlar icra olunacaq”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərinə görə, ATU-nun bütün tədris binalarında, klinikalarında, yataqxanasında dezinfeksiya işləri aparılır:

“Bufetlər açılmayacaq. Çünki bufetlərə tələbə axını çox olur. Dərslərə gəldikdə isə onlayn şəkildə olacaq. Mühazirələr videolar şəklində hazırlanır. Hazırda mühazirələrin videolara yığılması prosesi gedir. Tələbələrin hərarəti yoxlanılacaq, maska ilə siniflərə buraxılacaq. Dərs otaqlarında ara məsafəsinin saxlanılması üçün dəyişikliklər edilir”.