Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilir

0
493

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə vahid rüsum tətbiq ediləcək.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat komitənin iclasında bildirib ki, məsələ ilə bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Onun sözlərinə görə, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

“Layihəyə əsasən isə, bu mexanizm ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq”, – deyə o əlavə edib.

Layihəyə əsasən, yaxın qohumlara – ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılara –  bağışlanması halları istisna təşkil edir.

Bu istisnadan başqa hallarda isə müvafiq məsələ üçün 10 manat rüsum tətbiq olunması gözlənilir.