Sumqayıtda ata ögey qızına işgəncə verdi – FOTO/VİDEO

0
1022

Azyaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Ögey ata bıçağı qızdırıb uşağın əlinin üzərinə basıb.

Bu sözləri açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, bu barədə ona videogörüntülər sosial şəbəkələrdən göndərilib:

“Mənə deyilənə görə, hadisə dünən Sumqayıt səhəri İnşaatçılar qəsəbəsində baş verib. Uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu videonu sosial şəbəkələrdən mənə göndəriblər. Atalığın adının Əli olduğu deyilir. İlkin ehtimala görə, qızın 11 yaşı var. Uşaq da açıq aşkar atalığı tərəfindən bıçağın qızdırılaraq əlinin üstünü yandırmasını təsdiq edir.

Şiddət görən uşaq qaçıb qonşulara sığınıb. Aldığım məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə qonşular tərəfindən müraciət olunub. Hazırda onlara qarşı da uşağın anası və atalığı tərəfindən təzyiqlər var. Əlbəttə uşağın ailəsi hər vəchlə çalışacaq ki, bu məsələni ört-basdır etsin. Şəxsən mən bu məsələni nəzarətsiz qoymayacağam”.

K.Ağazadə məsələyə aidiyyəti qurumlar tərəfindən dərhal reaksiya veriləcəyinə inandığını qeyd edib:

“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi operativ şəkildə də bu məsələyə reaksiya verəcək, buna əminəm. Əmin olmadığım isə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və uşaq hüquqlarının müdafiəsi komissiyasının reaksiya verməsidir. DİN Sumqayıt Şəhər Polis İdarəsinin ərazi üzrə bölməsinin də ciddi araşdırma aparacağına böyük ümid bəsləyirəm”.