Ermənilər nələr edir? Bakının İrandan gözləntisi… – Şərh

0
682

Cənab Prezidentimizin də xüsusi vurğuladığı kimi, Ermənistanın Azərbaycan torpaqlarını işğal edib buradakı qədim abidələri məhv etməsi yalnız bizim deyil, bütün islam dünyasının problemidir. Çünki işğal edilmiş ərazilərdə bir çox dini abidələrimiz var. Bu abidələr ya Ermənistan tərəfindən dağıdılıb, ya da müxtəlif formalarda təhqir edilir. Bəzi məscidlərdə heyvan saxlanması isə bütün islam dünyasına edilən təhqirdir.

Bu sözləri açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, Prezidentin İranın yeni səfiri Abbas Musəvi ilə keçirdiyi görüş bir neçə istiqamətdə diqqəti cəlb edir:

“Əvvəlcə onu deyim ki, son zamanlar cənab Prezidentin səfirlərlə keçirdiyi görüşlərin ictimaiyyətə geniş təqdim edilməsi vacib və bir o qədər də pozitiv haldır. Çünki cənab Prezident həmişə xalqa arxalanıb və xalqın sözünü, iradəsini ifadə edib. Bu gün Azərbaycanın hər bir fərdi dövlətimizin apardığı milli maraqlara uyğun açıq siyasətin şahidi və iştirakçısına çevrilib”.

Millət vəkilinin sözlərinə görə, bu görüş zamanı da Prezident xalqımızı narahat edən məsələləri gündəmə gətirdi:

“Xüsusilə son zamanlar Rusiyadan Ermənistana daşınan silah-sursatın, dost, qardaş və eyni dindən olan ölkələrin ərazisindən keçməsi bizi çox təəssüfləndirir. Ölkə başçısı görüş zamanı açıq şəkildə dedi ki, Ermənistanın təcavüzü yalnız Azərbaycana qarşı deyil, bütün islam dünyasına qarşı yönəlib.

İşğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır, qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşidbanu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalıb.

Daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 6 milyard 71 milyon ABŞ dolları təşkil edir.

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilib. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb.

Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyil.

Cənab Prezidentimizin də qeyd etdiyi kimi, ermənilərin bu abidələrə qarşı həyata keçirdiyi çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar var.

Bütün bunlar “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir”.

Deputat deyib ki, burada çox önəmli bir məqam da var:

“İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirir. Təəssüf ki, bu, hələlik sözdən ibarətdir. Yaxşı olardı ki, qonşu, dost İran bunu əməldə də göstərsin və iqtisadi baxımdan bunu Ermənistana hiss etdirsin. Əgər İran bunu etsə, Ermənistan Qarabağ məsələsində daha ağır duruma düşər. Biz istəyirik ki, İran din qardaşları deyərək, Fələstinə görə sərgilədiyi mövqeyin eynisini 1 milyondan artıq müsəlman-şiəni yurd-yuvasından didərgin salan, minlərlə müsəlmanı Xocalının timsalında dəhşətli soyqırıma məruz qoyan, bir müsəlman dövlətinin ərazisinin 20 faizini işğal edən Ermənistana qarşı da sərgiləsin”.