Dörd bankın əmanətçilərinə yarım milyard manat vəsait ödənilib – RƏSMİ

0
1300

Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 21 295 qorunan əmanətçisinə 503 milyon 574 min 785 manat kompensasiya ödəyib.

Bu barədə Oxu.Az-a fondan bildiriblər.

Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 75 faizini təşkil edir.

“Atabank” ASC üzrə 8 709 əmanətçi 199 milyon 687 min 379 manat, “Amrah Bank” ASC üzrə 5 381 əmanətçi 128 milyon 543 min 405 manat, “AGBank” ASC üzrə 3 560 əmanətçi 67 milyon 494 min 282 manat, “NBC Bank” ASC üzrə isə 3 645 əmanətçi 107 milyon 849 min 718 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.