Gürcüstanda 5 dövlətin iştirakı ilə hərbi təlimlər başlayır

0
744

Bu il sentyabrın 7-dən 18-dək ölkəmizdə “Layiqli tərəfdaş 2020” adlı çoxmillətli hərbi təlim keçiriləcək.

Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Tbilisi yaxınlığında “Vaziani” və “Norio” poliqonlarında ABŞ-ın dəstəyi ilə baş tutacaq təlimdə Gürcüstanla yanaşı, ABŞ, Böyük Britaniya, Polşa və Fransadan olan 2 700-dən çox hərbçi iştirak edəcək.

Təlimlərə Gürcüstanın Müdafiə Qüvvələrinin zirehli texnikası və artilleriya sistemləri ilə yanaşı, ABŞ-ın aviasiya və zirehli texnikası da cəlb olunacaq. Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində keçiriləcək.

Təlimlərin məqsədi Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Qeyd edək ki, təlimlərin planlaşdırılması və hazırlıq prosesində koronavirusun yayılmasının qarşısının alınması üçün bütün tövsiyə və təlimatlara əməl olunacağı bildirilir.