Deputatdan təklif: “Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsın”

0
557

Mart ayının ortalarından ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin, həmçinin 13 rayonda mövcud olan xüsusi sərt karantin rejiminin vaxtının bitməsinə cəmi 3 gün qalır. Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarını səbirsizlik və narahatlıqla gözləyirlər. Hesab edirəm ki, ümumiyyətlə, ölkəmizdə karantinin və xüsusi sərt karantin rejiminin tətbiq olunması çox düzgün addım idi və buna ehtiyac var idi.

Bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, çünki xüsusi karantin rejimi tətbiq edilməsəydi, biz indi tamam fərqli bir mənzərə ilə üz-üzə idik, çox böyük itkilərlə, fəlakətlərlə qarşı-qarşıya qala bilərdik:

“Çox əlamətdar haldır ki, vaxtında Azərbaycan dövləti, xüsusilə, hər zaman vətəndaşının yanında olan, onun sağlamlığını, təhlükəsizliyini düşünən, onu hər şeydən üstün tutan ölkə Prezidenti cənab İlham Əliyevin düzgün, çevik, uzaqgörən addımları, qərarları sayəsində ölkəmiz bu bəlanın ağrılı, acılı, dəhşətli fəsadlarından uzaq dayana bildi. Hazırda vəziyyət nəzarət altındadır. Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Təsadüfi deyildir ki, ÜST də daxil olmaqla bir çox beynəlxalq təşkilatlar bunu dəfələrlə vurğulayıblar.

Məhz bunların nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olmuşdur. Lakin müsbət dinamikanı görüb, qəti şəkildə arxayınlaşmamalı, məsuliyyət hissini itirməməliyik, yenə də vətəndaş məsuliyyətimizlə, həmrəyliyimizlə Operativ Qərargahın qərarlarına, karantin qaydalarına birmənalı və istisnasız əməl etməliyik. Biz elə etməliyik ki, bu qərarlar davamlı olsun və uğurlu sonluqla nəticələnsin. Bununla əlaqədar, diqqət yetirilməsi tövsiyə olunan məsələlər var. Bunun üçün biz sadə qaydalara əməl etməliyik. Hesab edirəm ki, tibbi maska taxmaq, sosial məsafəni və gigiyeniyamızı qorumaq kimi sadə qaydalara riayət etməklə biz bu bəladan daha tez və daha az itkisiz qurtula bilərik”.

T.Cəfərova vurğulayıb ki, bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir: “Bu qədər görülən işləri, bu qədər çəkilən zəhmətləri qorumaq hamımızın borcudur. Qətiyyən arxayınlaşmaq olmaz. Düşünürəm ki, ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılmalıdır. Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış sezonu gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Karantin rejiminin sonuncu yumşaldılmasından sonar yoluxanların sayının yenidən 3 rəqəmə qalxması, yəni gündəlik yoluxanların sayının sağalanlardan xeyli çox olması narahatlığa əsas verir.

Ona görə hesab edirəm ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu hələlik istisna olmaqla, digər 10 rayon xüsusu sərt karantin rejimindən çıxarılmalı, lakin yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün ölkədə ümumi karantin rejimi davam etməlidir. Həmçinin, rayonlara gediş-gəlişin, bir sıra qapalı məkanların, restoranların, kafelərin, iri ticarət mərkəzlərinin açılmasına, təbii ki, ciddi nəzarət etməklə, getmək olar.

Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik”.