Ceyhun Bayramov Yunanıstanın yeni səfiri ilə görüşüb – FOTO

0
646

Bu ilin 27 avqust tarixində xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.

Görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperigosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Öz növbəsində, Nikolaos Piperigos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, Yunanıstan xarici işlər nazirinin təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.