Avropalı nüfuzlu alimlərin iştirakı ilə keçirilən Yaz Məktəbinə forumla yekun vurulub

0
783

Qərbi Kaspi Universitetində Almaniya və Danimarkadan olan tədqiqatçıların iştirakı ilə təşkil olunan dörd günlük Bio-Riyaziyyat Yaz Məktəbinin Yekun Forumu keçirilib.

Tədbirin açılışında çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov Yaz Məktəbinin həsr olunduğu istiqamətin əhəmiyyəti, elmlərin konvergensiyası, elmə bötöv yanaşmanın, elmlərarası əlaqələrin yeni nəticələr və kəşflərə yol aça biləcəyini diqqətə çatdırıb, dünyaca nüfuzlu alimlərin iştirakı ilə keçirilən Yaz Məktəbinin tədqiqatçılar, eləcə də tələbələr üçün yaddaqalan və əhəmiyyətli olduğuna əminliyini ifadə edib.

Qərbi Kaspi Universitetinin rektoru, professor Andris Leitas universitetin son illərdə təhsilin keyfiyyətinin artırılması və modernləşdirilməsi, eləcə də mövcud intellektual bazanın elmi tədqiqata yönəldilməsi istiqamətində səylə çalışdığını qeyd edib.

Yaz Məktəbinin davam etdiyi dörd gün ərzində Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen və Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Ruppun mühazirələri dinlənilib, mövzular ətrafında fikir mübadilələri aparılıb. Yaz Məktəbində elmi tədqiqatçılarla yanaşı, ayrı-ayrı təhsil ocaqlarının müəllimləri, eləcə də universitet tələbələri iştirak ediblər.

Mühazirələrdə “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə:  Qanın laxtalanmasının mərhələsi”, “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr”, Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu”,“Həyat elmlərində süni intellektin perspektivləri”mövzuları nəzərdən keçirilib.

Forumda bu istiqamətlər ümumiləşdirilmiş şəkildə bir daha müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.