Küveyt Dövləti Respublika Klinik Uroloji Xəstəxanasına müasir tibbi avadanlıqlar hədiyyə edib

0
727

Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına (RKUX) böyrək xəstələrinin cərrahi müdaxilə olmadan müalicəsi üçün müasir tibbi avadanlıqlar hədiyyə edib. Sözügedən avadanlıqların təqdimatı mərasimində Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi və səfirliyin müşaviri Feysal əl-Mutairi, eləcə də xəstəxananın rəhbər şəxsləri də iştirak edib.
Bu barədə xəstəxanadan məlumat verilib.
Tədbirdə çıxış edən səfir Səud Əbdüləziz əl-Rumi bildirib ki, hədiyyə edilən tibbi avadanlıqlar ən son texnologiyaya əsaslanır və böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulub.
Öz növbəsində RKUX-nin baş həkimi Əli Babayev səfirliyə göstərdiyi yardıma görə dərin təşəkkürünü bildirərək, diplomatik nümayəndəlik və xəstəxana arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu deyib.
Daha sonra xəstəxanada yaradılan şəraitlə tanış olan səfir orada müalicə olunan xəstələrin vəziyyəti ilə maraqlanıb.