Sosial şəbəkələrdə hər şeylə maraqlanan ayı balasının anası tərəfindən “danlanması” barədə görüntülər böyük maraqla qarşılanıb.
Kadrlar ABŞ-ın Şimali Karolina ştatında qeydə alınıb.
Bildirilir ki, video çəkilən gün ev sahibləri Şumer Uilyams və əri yataq otağının pəncərəsindən eşitdikləri səsə oyanıblar. Məlum olub ki, giriş qapısının ağzında balaca ayı balası var.
Kadrlarda ayı balasının maraqla pəncərədən içəri boylandığı görünür. Sonradan anası yaxınlaşaraq balanı kənara çəkir. Videoda bu mənzərə elə görünür ki, sanki ana balasını dəcəlliyinə görə danlayır.
Görüntüləri paylaşan Şumer özü də iki uşaq anası olduğunu bildirərək, ana ayını anladığını deyib:
“Bu öz uşaqlarımla gündəlik ünsiyyətim kimi idi. Düşünürəm ki, videonu məhz bu, çox möhtəşəm edib”.
Onun fikrincə ayı danışa bilsəydi balasına belə deyərdi:
“Yüz dəfə sənə demişəm ki, insanları narahat etmə”.
Şumer vurğulayıb ki, bu kadrlar tərbiyənin bəzi aspektlərinin müxtəlif növlər arasında eyni olduğunu göstərir.