“Dağılmaqda olan” Aşağı Nüvədi qəsəbə orta məktəbi

0
1099

 

Aşağı Nüvədi qəsəbəsi Azərbaycanımızın gözəl guşələrindən biri olan Lənkəran rayonunun üçüncü böyük yaşayış məntəqəsi sayılır. Bu əsrarəngiz qəsəbə bir tərəfdən gözəl Xəzər dənizi, digər tərədən isə beynəlxalq əhəmiyətli maqistral yol aralığında, Lənkəran şəhərinin mərkəzindən çox da uzaqda olmayan bir məsafədə yerləşir…

Məqsədim sizə bu qəsəbənin coğrafiyasi, təbiəti barədə uzun-uzadı məlumatlar verib yormaq deyil, əsla. Vaxtilə mənim də təhsil aldığım, bu qəsəbədə yerləşən, onlarla tanınmış alim, məhşur dövlət məmuru, istedadlı rəssam, kitabları çıxmış şair və yazıçı, adlı-sanlı idmançı, ciddi hüquqşunas, Bakıda, xaricdə, xüsusən də Rusiyada biznes edən iş adamı, sayılıb-seçilən iqtisatçı, ziyalı-pedaqoq, dillərəzbəri müəllim kimi peşə sahibləri yetişdirən, təəssüflər olsun ki, günümüzdə dağılmaqda olan orta məktəbin acınacaqlı vəziyyəti haqqında danışmaqdır. Elə bu məktəbin məzunu olmuş, torpaqlarımız uğrunda gedən Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Həbib Bağırovun adını daşıyan Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin hazırkı vəziyyəti, sözün bütün mənasında, ürəkağrıdandır…
Yuxarıda sadaladığım kimi, vaxtilə bütün sabiq SSRİ-də nüfuz qazanmış məzunları ilə fəxr edilən bu məktəbin respublikamıza çoxlu sayda tanınmış ixtisaslı mütəxəssislər yetişdirən bir təhsil ocağıdır. Qəribəsi odur ki, Lənkəran kimi böyük bir rayonun kicik kəndlərində yeni orta məktəb binaları tikildiyi, yaxud əsaslı təmir edildiyi halda, bu böyük qəsəbənin keçmişlərdə savxozun hesabına inşa edilmiş ikimərtəbəli geniş tikilidən ibarət orta təhsil ocağı, demək olar, tamamilə sıradan cıxmış, sanki diqqətdən kənarda qalmışdır.
Məlumdur ki, zəngin neft ölkəmiz digər sahələrə külli-miqdarda vəsait ayırdığı kimi, ibtidai və orta təhsilə də böyük maliyyə ayırır. Nədənsə biz öz məktəbimizin simasında təhsilə ayrılan bu böyük vəsaitlərin öz ünvanına yetişdiyinin şahidi olmuruq. Buna dəlil olaraq Lənkəran Rayon İcra Hakimiyyəti nümayəndələrinin, indilərdə yeri boş qalmış keçmiş deputatın dəfələrlə məktəbin əsasli təmiri barədə qəsəbə sakinləri önündə verdikləri, lakin həyata kecirmədikləri saysız-hesabsız vədləri yada salmaq yerinə düşərdi.
Bu məktəbin keçmiş məzunu olaraq mənə göndərilən şəkillər və video görüntülər doğrudan da mənə cox ağır təsir etdi. Təsəffür edin, məktəb binasının divarları rütubətdən və əsaslı təmirin müddətinin keçməsi səbəbindən tökülmüş, sanki dağılmış hala düşmüşdür. Bu hal məktəbin estetik gözəlliyinə xələl qətiriməklə yanaşı, orada təhsil alan şagirdlər və müəllimlər ücün böyük təhlükə mənbəyinə cevrilib. Fotolardan da görünür ki, az qala yarıməsr bundan əvvəl inşa edilmiş məktəb binasının əsas girişi olan hissədə beton dam tamamən dağılmışdır: sanki müharibədə olduğu kimi, ora bomba atılmış kimi görsənir. Nə yaxşi ki, bu qəza Covit-19 karantin tətilili vaxtına təsadüf edib, əks-halda altında çoxlu şagird və müəllim qala bilərdi. Belə olduğu təqdirdə cavabdeh, məsuliyyət daşıyan kim olacaqdır!? Orta məktəbin fədəkar xanım direktoru? Lənkəran rayonu təhsil şöbəsinin rəhbəri? Şəhər icra başçısı, yoxsa hansısa kiçik məmur?! Baxın, bunu dəqiq demək çətindir! Çünki kimi isə indidən ittiham etmək ücün gərək faciə baş vermiş ola və hüquq-mühafizə orqanlarının əlində sübut-dəlillər ola. Bu sübut və ya dəlillər olmadığına görə ittiham olunan şəxs də yoxdur. Amma bir məsələ bəllidir ki, ölkəmiz, Prezidentimiz digər sahələrdə olduğu kimi, təhsilə də kifayət qədər vəsait ayirir. Biz hələ Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin inkişafı, yeni məktəb binalarının tikintisinə ayırdığı diqqəti, qayğıları demirik. Belə olduğu halda bizdə sual yaranır: axı bu ayrılan vəsaitlər niyə bizim uçmaqda, dağılmaqda olan başıbəlalı orta məktəbimizə hələ də gəlib catmayıb? Prezidentimizin özünün də dəfələrlə qeyd etidyi kimi, bəzi hallarda bu vəsaitlər yerli icra məmurları tərəfindən mənimsənilir, ünvanlara çatmır, yetişsə də, necə deyərlər, qismən yetişr. Nəticə olaraq təmir barədə verilən vədləri uzun müddət gözləməli oluruq.
Qəsəbə ictimaiyyəti, orda yaşayıb, yaşamadığımzdan aslı olmayaraq, səylərimizi birləşdirib bu barədə bütün lazımi instansiyalara məlumat verməyə məcburuq. Dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, ictimai nəzarəti yerinə yetirərək, bu problemi KİV-də işıqlandırmaqla gələcəkdə baş verə biləcək faciənin qarşısını almağa çalışırıq. Bu problem barədə cənab Pezidentin sosial şəbəkə hesablarına, İnternet saytına, Vitse-Prezidentə, səmimiyətinə inanmaq istədiyimiz yeni təhsil nazirinə müraciət etməyi vacib saydıq. Şəxsən biz bu ağrılı məsələnin həllini tapana qədər sivil metodlarla mübarizə aparmağı qarşıma məqsəd qoymuşuq. Axı təhsil millətin işıqlı gələcəyidir, onun qarşısında duran məsələlərə diqqət ayırmasaq, qaranlıqlara qərq ola bilərik.
Azərbaycan torpaqları uğrunda – Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Həbib Bağırovun adını daşıyan Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin məzunu kimi bunu özümüzə mənəvi, vicdani haqq və borc bilirik.
Ramal Əliyev,
Analitik-bloger, yazar-publisit

Yeni Yazarlar və Sənətçilər İB üzvü