Pandemiyadan sonrakı həyat…

0
597

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində böyük maliyyə və insan resurslarının cəlb olunmasını, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və pandemiyaya yoluxan xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.

Ölkəmizdə iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə olsa da, bu vəziyyəti saxlamaq və müsbətə doğru dəyişmək, əsasən, cəmiyyətdən asılıdır. Əhali yeni həyat tərzinə nə qədər tez uyğunlaşarsa, pandemiyanın ömrü o qədər qısalar və karantin rejimi daha da yumşalar. Pandemiya bitdikdən sonra da fiziki məsafə və gigiyenik qaydalara riayət etmək həyat tərzinin bir hissəsi olmalı, məcburi sosial izolyasiya öz yerini könüllü sosial izolyasiyaya verməlidir. Yeni həyat tərzinə keçid pandemiyadan sonrakı dövrün əsas çağırışıdır.

Dövlət qurumları, özəl sektor və bütün cəmiyyət bu çağırışa uyğun fəaliyyət göstərməlidir. İqtisadiyyat Nazirliyi tərəfindən ötən həftə sahibkarlarla təşkil edilən onlayn görüş zamanı bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil.

Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar. Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Cəmiyyət yeni qaydalara nə qədər tez vərdiş etsə, bu, hamı üçün bir o qədər səmərəli olar.