Misir mətbuatı erməni diplomatın yalanlarını ifşa etdi

0
602

Misirin “Əl-Əxbar” qəzetinə müsahibəsində Ermənistanın hərbi təxribatlarına bəraət qazandırmaq, hətta öz əməllərini başqasının üzərinə atmaq kimi “erməni brendi”nə əl atmaq istəyən, Azərbaycan və Türkiyənin ünvanına cəfəng iddialar səsləndirən işğalçı ölkənin Qahirədəki səfiri Karen Qriqoryanın yalanları elə həmin qəzetdə tutarlı faktlarla ifşa olunub. Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin erməni diplomatının “Türkiyə genişlənmə siyasətini tətbiq etmək və “yeni Osmanlıya” nail olmaq istəyir…” sərlövhəli müsahibəsinə cavabı beynəlxalq hüquqdan və diplomatiyadan nəsibini almamış Qriqoryana “azərbaycanlı şilləsi” effekti yaradıb.

Ermənistan-Misir münasibətləri, Ermənistanın Misirin Avrasiya İttifaqı ilə sərbəst ticarət sazişi imzalamaq səylərini dəstəkləməsinə toxunan, Bakı ilə İrəvan arasındakı son toqquşmalarda Türkiyəni Azərbaycanı hərbi cəhətdən dəstəkləməkdə ittiham edən, daha sonra Ankaranın bu dəstəyini “yeni Osmanlı” siyasətinin davamı olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədəki sabitliyi pozduğunu vurğulayan Qriqoryan “Dağlıq Qarabağ” xalqının (dünyada belə bir xalqın mövcudluğu yalnız ermənilərə məlumdur – AZƏRTAC) Azərbaycanın həmin ərazilərə sahib çıxmasına mane olmaq üçün müqavimət göstərdiyini bəyan edib. Heç bir arqumentə söykənməyən müsahibəsində regionda sülhə və təhlükəsizliyə ciddi təhlükə olan işğalçı Ermənistanın səfirinin məhz Türkiyəni Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərində ittiham etməsi, “Ankaranın bütün imkanları ilə Azərbaycana dəstək verməyə hazır olduğunu və “bir millət və iki dövlət” prinsipinə uyğun olaraq, Ermənistana qarşı yaxın müttəfiqinə hər cür kömək göstərməyə davam edəcəyini” söyləməsi isə çarəsizlik və qorxu əlamətidir.

Azərbaycan səfirinin “Əl-Əxbar” qəzetində dərc olunmuş cavabının mətninə istinadla bildirir ki, diplomatımız beynəlxalq hüququn norma və prinsiplərindən, həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan məlumatı olan hər kəsin beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. Eyni zamanda, onlar Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna dair məlumatlıdırlar. Sözügedən münaqişə ilə bağlı sülh danışıqlarının heç bir nəticə verməməsinin əsas səbəbi isə Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməməsi, status-kvonu saxlamasıdır. Həmin qətnamələrdə işğalçı tərəf ilə işğala məruz qalmış tərəflərin adları açıq-aşkar çəkilir.

“Biz dünyanın ən böyük beynəlxalq təşkilatına inanaq, yoxsa torpaqlarımızı işğal edən və bir milyondan çox vətəndaşımızı qaçqın və köçkün vəziyyətinə salan Ermənistanın dediklərinə?!”, -deyə diplomatımız sual verir. Əlavə edir ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir.

İyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara toxunan səfir bunun əsas səbəbkarının rəsmi Yerevan olduğunu vurğulayır. Qeyd edir ki, çünki Tovuz istiqaməti Azərbaycanın beynəlxalq və regional iqtisadi layihələrinin – neft və qaz kəmərlərinin, İpək yolunun yaxınlığından keçdiyi strateji bölgədir. Azərbaycan bu boru kəmərləri vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və ölkəmizin həmin ərazilərə yaxın Ermənistanla sərhəd yerlərdə hücuma keçməsinin heç bir məntiqi əsası yoxdur. Ona görə də Ermənistanın Azərbaycanı ittiham etməsi gülüncdür.

Azərbaycan səfiri diqqətə çatdırır ki, toqquşmalar baş verən zaman dərhal Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və bu cəhdin cavabsız qalması üzv olduğu təşkilat belə rəsmi Yerevanın dediklərinə inanmadığını göstərir. Azərbaycan Ordusu erməni hücumlarının qarşısını qətiyyətlə alıb və cavab atəşi ilə düşməni susdurub. Bu hücumlar zamanı Azərbaycan 12 şəhid verib, lakin Ermənistan tərəfi ölənlərin sayını hələ də gizli saxlayır.

Yazıda, həmçinin qeyd edilir ki, BMT, Qoşulmama Hərəkatı, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların tələblərini yerinə yetirməyən, 1994-cü ildə iki ölkə arasında bağlanmış atəşkəs rejimini mütəmadi şəkildə pozan, 1992-ci ildə Xocalı soyqırımını törədən Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil.

1994-cü ildən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlarının heç bir nəticə verməməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

Səfir T.Rzayev qondarma “Dağlıq Qarabağ Respublikası” məsələsi ilə əlaqədar erməni səfirə sual verərək deyir: “Bu, “müstəqil respublikadır?”. Beynəlxalq ictimaiyyət və ya hər hansı bir dövlət, yaxud da Ermənistan tərəfindən belə bir “müstəqil respublika” tanınıbmı?! Xeyr, bu, mümkün deyil və ola da bilməz! Ermənistan da daxil olmaqla heç bir dövlət qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və tanıya da bilməz”.

Diplomatımız vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında “əgər Ermənistanın özü belə bir “respublikanı” tanımağa qalxsa, bunun cavabını görəcəkdir…” deyə bildirib. Çünki qondarma “respublika” adlandırılan Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, onun ayrılmaz bir hissəsi kimi tanıyır.