Gənc heykəltəraş şəhid polkovnikimizin barelyefini hazırladı – VİDEO

0
1349

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. Qeyd edək ki, o, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.

Əslən Beyləqan rayonundan olan və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub.

Müsahibimiz əvvəlcə şəhid general-mayor Polad Həşimovun büstünü ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalın üzündəki nuru ifadə etmək olub və o, buna nail olub.

Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb. Artıq barelyefin gillə işlənmə mərhələsi başa çatıb.

Qeyd edək ki, gənc heykəltəraşın vətənpərvərlik hissləri ilə ərsəyə gələn bu əsərlər onun ilk işləri deyil.

2012-ci ildə şəhid Mübariz İbrahimovun kompozisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin, Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın portret heykəlinin, Səməndər Rzayevin büstünün müəllifidir.