Yeni təyin olunan 35 yaşlı nazir müavini kimdir?

0
728

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.Sarvan Cəfərov 28 oktyabr 1985-ci ildə anadan olub.

1992-2003-cü illərdə Bakı şəhəri, 178 saylı orta məktəbdə oxuyub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib.

2007-2008-ci illərdə hərbi xidmətdə olub.

2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universistetində biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr təhsili alıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

İngilis və rus dillərini bilir.

Evlidir, 3 övladı var.