Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir.
DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub:
– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;
– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;
– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;
– xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;
– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;
– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilir.
Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanda 20 180 (Bakıda 9435, Naxçıvanda 985, Gəncədə 2608, Şəkidə 1037, Bərdədə 1339, Göyçayda 848, Şirvanda 1308, Lənkəranda 1565, Xaçmazda 1055) nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1665 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.
Bu imtahanda iştirak etməyənlər qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.