Urumçi şəhərində sakinlər kütləvi şəkildə koronavirus testindən keçirilir

0
465

Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçidə əhalinin kütləvi şəkildə yeni növ koronavirus (COVID-19) testindən keçirilməsinə başlanılıb.Buna səbəb son günlər şəhərdə virusa yoluxma hallarının çoxalmasıdır. Şəhər əhalisinin testdən keçirilməsi mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə daha yüksək riskli yaşayış zonalarının sakinləri, növbəti mərhələdə isə müxtəlif müəssisə və təşkilatların əməkdaşları testdən keçiriləcəklər.
Test prosesini yerinə yetirmək üçün Çinin müxtəlif şəhərlərindən Urumçiyə tibb briqadaları cəlb olunur. Artıq 200 tibb işçisi Urumçiyə gəlib.
Urumçinin xəstəliklərə nəzarət və profilaktika mərkəzinin direktoru Ruy Baolin bildirib ki, 149 gün aradan sonra iyulun 15-də şəhərdə COVID-19 virusuna daxili ötürülmə yolu ilə ilk yoluxma qeydə alınıb. Sonradan təsdiqlənmiş yoluxma sayı artaraq 46-ya çatıb. Daha 50 asimptomik xəstə, habelə yoluxanlara yaxın təmasda olmuş 3016 nəfər tibbi nəzarət altındadır.
Qeyd edək ki, Urumçidə virusun yayılması başalayandan sonra şəhərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Metro da daxil olmaqla, ictimai nəqliyyatın fəaliyyəti, mərhələlərlə giriş-çıxış məhdudlaşdırılıb, sakinlərin evdə qalması tövsiyə olunub. Şəhəri yalnız koronavirus testi neqativ nəticə verənlər tərk edə bilər. Aviasiya şirkətləri Urumçiyə uçuşların təxminən 90 faizini ləğv ediblər.
Çində pandemiya ilə əlaqədar sakinlərin kütləvi test edilməsi ənənəsi ilk olaraq Uxanda başlayıb, daha sonra paytaxt Pekində həyata keçirilib.