Abşeronda gizli fəaliyyət göstərən restoran aşkar olundu – FOTO/VİDEO

0
399

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər yayıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi “Kənd ocağı” restoranının müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 10 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.

Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.