Bakıda yol polisi də dayanma-durmaya görə cərimə yazacaq – RƏSMİ

0
601

Daxili İşlər Nazirliyinə (DİN) dayanma-durma tələblərinin pozulmasına görə cərimə yazmaq səlahiyyəti verilib.

Bununla bağlı Prezident İlham Əliyev iyulun 10-da fərman imzalayıb.

Yeni fərmanla Prezidentin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanı dəyişdirilib.

Əvvəlki fərmanın 4.52-ci maddəsinə əsasən, Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.

Yeni fərmanla isə DİN-ə də bu səlahiyyət verilib. Bu o deməkdir ki, DİN-də Bakı ərazisində dayanma-durma qaydalarının pozulmasına görə cərimə yaza biləcək.

Fərmanda DİN və BNA-ya şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görmək tapşırılıb.