Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi – FOTO/VİDEO

0
678

Xüsusi karantin rejimi dövründə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla, ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti – yeddinci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinləri əvvəlcədən KİV vasitəsilə xəbərdar ediliblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak edib.

Eyni zamanda, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd olunan dezinfeksiya işləri ilə yanaşı, paytaxtın bütün rayonlarında Rayon İcra Hakimiyyətləri, Polis İdarələri və aidiyyəti idarə və təşkilatların məsul əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən mövcud sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə reydlər davam etdirilib, vətəndaşlarla maarifləndirmə işləri aparılıb.

Reydlər nəticəsində bəzi ticarət obyektlərində aşkar edilən sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi halları aradan qaldırılıb, pozuntulara yol verilmiş obyektlərin sahıblərinə qarşı inzibati cəza tədbirləri tətbiq edilib.

Xatırladaq ki, dünən əhaliyə dezinfeksiya işləri ilə əlaqədar küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilmişdi.