“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” -video+foto

0
627

İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qarşı mübarizə aparılır. Dövlət orqanları, aidiyyəti qurumlar, səhiyyə işçiləri əlindən gələni edir ki, insanlar koronavirus adlı bəladan özlərini qorusun.

Azərbaycanda artıq 18 min 684 nəfər koronavirusa yoluxub. Onlardan 10 min 425 nəfər sağalıb. Təəssüf ki, bu bəla ölkəmizdə 228 nəfərin həyatını itirməsinə səbəb olub. Bütün bunlara baxmayaraq, aramızda hələ də “Bu virus yoxdur”, “Hər şey oyundur” deyən vətəndaşlarımız var.

Bu günə qədər çoxsaylı həkimlər, xəstələr müsahibələr verib, ictimaiyyətə vəziyyətin nə qədər ciddi olduğunu çatdırmağa çalışıblar. Lakin vətəndaşlar arasında bunları da ciddiyə almayanlar oldu.

Necə deyərlər, özümüzü, yaxınlarımızı məsuliyyətsiz insanların hərəkətləri ucbatından koronavirusa yoluxma riski ilə qarşı-qarşıya qoymamaq üçün sizə hər şeyi olduğu kimi göstərməyə qərar verdik. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib üz tutduq pandemiya ilə mübarizə üçün ayrılan Mərkəzi Neftçilər Xəstəxanasına.

Mərkəzi Neftçilər Xəstəxanasında hazırlanmış reportajı təqdim edirik:

Bu qərarı vermək mənim üçün asan olmadı. Düşünürəm, oxuduqca sizin üçün də asan olmayacaq. Xəstəxananın qarşısına çatana qədər “Bəs yoluxsam?” sualı hər kəs kimi, məni də narahat edirdi. Düzünü desəm, ilk olaraq ağlıma anam, bacım, qardaşım, yaxınlarım gəldi. Amma bütün qaydalara riayət edərək, bu qərarı verdim.

Mərkəzi Neftçilər Xəstəxanasının qarşısındayam… Qapılar bağlıdır. Ətrafda heç kim olmasa da, pəncərədən baxan xəstələri görə bilirdim.

“Laqeyd bir insanın məsuliyyətsiz, ehtiyatsız davranışı səbəbindən əzizlərim də burada ola bilər” düşüncəsi məni rahat buraxmadı. Tərəddüd içərisində olsam da, artıq qapılar açıldı və xəstəxanaya daxil oldum. Əvvəlcə onu deyim ki, xəstəxana təmiz və çirkli zona adlandırılan iki hissəyə ayrılıb. Biz hələlik təmiz zonadayıq.

Bizi Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müalicə işləri üzrə müavini Hüseyn Şahmalıyev qarşıladı. Onun sözlərinə görə, xəstəliyi ciddi qəbul etməyən vətəndaşların olması bir həkim kimi onu çox narahat edir:

“Bu xəstəliklə mübarizəyə nə qədər tibb işçisi cəlb olunub. Bu günə qədər ölkədə virusa yoluxmalarla bağlı statistikalar açıqlanır. İnsanların inamsızlığı tək özlərini deyil, digər insanları, həkimlərimizi riskə atır. Təsəvvür edin ki, həkimlər, dövlət rəsmiləri virusun təhlükəsindən danışır, vətəndaş ona inanmır. Amma qonşusunun “Virus yoxdur, qorxma!” deməsinə inanır. Bu cür çəkilişlərin olması, bəlkə, həmin insanların hər şeyi gözləri ilə görüb, inanmalarına kömək edər. Onların inanması, karantin qaydalarına riayət edib özlərini qoruması həm yoluxma sayının azalmasına, həm də həkimlərin çiyinlərindəki yükün az da olsa, yüngülləşməsinə kömək edər”.

Qısa söhbətdən sonra Hüseyn həkimlə sağollaşıb, xəstələrin olduğu şöbələrə gedirik. Təbii ki, əvvəl tibb bacısı bizi xüsusi geyimlərin verildiyi otağa aparır. Sizə deyim ki, bu geyimlərin içərisində, maskaların altında iki saat qalmaq belə çox çətindir. Həkimlərimiz isə ən azı səkkiz saat bu geyimlərdə qalırlar. Kombinezonlar qətiyyən hava keçirmir. Bunu geyindikdən sonra həkimləri az da olsa, başa düşmək olur. Bu qədər qorunmaqla həkimlər arasında da yoluxma halları olubsa, koronavirusun nə qədər təhlükəli olduğunu özünüz düşünün.

Xəstəxananın ilk iki mərtəbəsi təmiz zona olaraq saxlanılır. Xəstələrə qida və zəruri olan dərman vasitələri bu mərtəbələrdən götürülür və sonra çirkli zonaya aparılır.

Hazırda növbədə olan həkimlərdən biri Nigar Hüseynovadır. Bizi palatalardakı xəstələrin vəziyyəti ilə o tanış edəcək.

Nigar həkimin sözlərinə görə, xəstələrin vəziyyəti bir anda dəyişir:

“Artıq bir müddətdir ki, COVID-19 xəstələrinə xidmət edirik. İnanın ki, xəstəliyin ilkin yayılma dövrü ilə bugünkü vəziyyət arasında çox böyük fərq var. Xəstələri vəziyyətlərinə görə şöbələrdə qruplaşdırsaq da, anidən ciddi dəyişikliklər olur. Xəstəliyin gedişatını stabil saxlamaq çox çətindir.

Dünən reanimasiyada ağır vəziyyətdə olan xəstə sabah normal palataya köçürülür və sanki heç həmin həyati riski olan şəxs deyil. Ya da yüngül simptomlarla gələn pasiyent bir gecədə boğulma ilə reanimasiya yerləşdirilir. Burada yaşanan vəziyyəti təsəvvür etmək çox çətindir”.

“Ailəlikcə yoluxanların sayı, təəssüf ki, artır”

Həkim deyir ki, xəstələr qəbul edilən zaman bu günə qədər olan xəstəlik kitabçalarına baxılır, hər bir xırda məqam soruşulur:

“Bu, onlara təyin edilən müalicə prosedurları üçün çox vacibdir. Şəkərli diabet, dializ xəstələrinin, eləcə də, digər hər hansı xroniki xəstəliyi olan şəxslərə təyin edilən müalicələr eyni olmur. Çalışırıq ki, paralel xəstəliklərin gedişatına mənfi təsir etməyəcək müalicə üsulu seçilsin”.

Budur, söhbət edə-edə artıq çirkli zona deyilən şöbələrdən birinə daxil oluruq. Xəstəxana dəhlizindəki “qulaq batıran” səssizlik isə insanı qeyri-ixtiyari qorxudur. Burada insanlar xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq qruplaşdırılıb.

Palatada tək, ya da vəziyyətindən asılı olaraq iki nəfər xəstə saxlanıla bilər. Xəstəxanada koronavirus xəstələri üçün üç şöbə ayrılıb. Hazırda hər şöbədə müvafiq olaraq 46, 14 və 19 xəstə müalicə alır.

Müalicə alanların əksəriyyəti çəkilişə razı olmasalar da, xəstəliyə inanmayanlara səslənmək istədilər. Palatalardan birində koronavirusa yoluxmuş iki qardaş qalır.

“Parasetamol”la keçər” deyib, həkimə getmədik”

Hüquq müdafiəçisi olan S.N. (ad şərtidir) xəstəliyə ictimai yerlərdə yoluxduğunu ehtimal edir:

“Mən bütün qoruyucu tədbirlərə əməl edirdim. Düşünürəm ki, xəstəliyə işimlə əlaqədar ictimai yerlərdə olan zaman yoluxmuşam. İlk dəfə hərarətim 37 dərəcə oldu, daha sonra yüksəlməyə başladı. Yay mövsümüdür, soyuq sudan boğazımın ağrıdığını düşündüm. “Parasetamol”la keçər deyib, həkimə müraciət etmədim.

Lakin sonra vəziyyətim daha da pisləşdi və mən COVID-19 olma ehtimalı ilə test verdim. Nəticələr pozitiv çıxdı. Dərhal xəstəxanaya yerləşdirildim və müalicəmə başlanıldı. Qardaşımla yaxın ünsiyyətdə olduğum üçün o, karantinə alındı, onun da nəticələri pozitiv çıxdıqdan sonra buraya gətirdilər. Odur ki, ehtiyatlı olun, ehtimalları vaxtında dəyərləndirin. Özünüzü qoruyun”.

“Əmin olun ki, bura düşmək istəməzsiniz”

Süni tənəffüs aparatına qoşulan xəstələrdən biri – 60 yaşlı Fazil bəy deyir ki, artıq beş gündür burada müalicə alır. Onun vəziyyəti digərlərinə nisbətən orta-ağırdır:

“İlk simptomları iyunun 20-də hiss etdim. Boğulma və hərarət oldu. Dərhal təcili tibbi yardım çağırdım. Həm məndən, həm də ailə üzvlərimdən test götürüldü. Nəticələr isə onlarda neqativ, məndə pozitiv çıxdı. Dərhal xəstəxanaya yerləşdirildim və müalicəm başladı. Hazırda nəfəs almaqda çətinlik çəkirəm. Amma beş gün əvvələ baxanda yaxşıyam. Qohumum, tanışım deyib, sosial məsafəni pozmayın. Kimin xəstəlik daşıyıcısı olduğunu bilmirik. Özünüzü, uşaqlarınızı qoruyun. Əmin olun ki, bura düşmək istəməzsiniz”.

“Ailələrinizə, millətə, özünüzə yazığınız gəlsin, karantin qaydalarını pozmayın”

38 yaşlı Sərdarov Ramiz deyir ki, iyunun 12-dən güclü baş ağrıları, halsızlıq, boğulma kimi simptomları hiss etməyə başlayıb:

“Nəfəs ala bilmirdim, boğulurdum. Hərarət və halsızlıq artdığı üçün gecikmədən həkimə müraciət etdim. Artıq üç həftədir, burada müalicə alıram. İlk bir həftə reanimasiyada saxlanıldım.

Bu gün nisbətən yaxşıyam. Həkimlərimizin sayəsində vəziyyətim hər gün yaxşılaşmağa doğru gedir. Ailə üzvlərim arasında yoluxanlar yoxdur. Ətrafımda xəstəliyə inanmayanlar var idi, artıq məni görüb inanırlar. Bu xəstəlik, həqiqətən, var, bəlkə də, məndən ağır keçirən olmayıb. Mən gizlətmirəm. Heç olmasa, bizə baxın, özünüzü qoruyun”.

Təəssüf ki, ölüm halları bu xəstəxanada da yaşanıb. Həmin insanların vəziyyəti həddindən artıq ağır olub və paralel xəstəliklərin də kəskinləşməsi səbəbindən koronavirusla mübarizədə məğlub olub, həyatlarını itiriblər. İnsanı üzən məqamlardan biri həftələrlə onların yanına heç bir yaxınlarının gələ bilməməsidir. Ən acınacaqlısı isə odur ki, ailələr koronavirusdan vəfat edən yaxınları ilə vidalaşa da bilmir…

Həkim Nigar Hüseynova deyir ki, yoluxanların əksəriyyəti yas mərasimlərinə qatılan şəxslər olur:

“İnsanlar həkimlərə inanmaqdan imtina edir. Mən sosial şəbəkə hesabımdan dəfələrlə çağırışlar etmişəm. Vətəndaşların inanması üçün ictimaiyyətə daha nə qədər sübutlar təqdim edilməlidir?

Psixoloji cəhətdən onları başa düşürük, ilk mərhələdə insan bunu qəbul etmir, inkar edir. İnanmayanlar xəstəxanaların qarşısında dayanıb, hər gün nə qədər insanın bura daxil olduğunu görə bilər”.

Hər gün xəstəxanada sağalanlar olsa da, stabil rəqəmlər demək çətindir. Elə gün olur, beş nəfər, elə gün olur, üç nəfər sağalaraq evə buraxılır. Lakin hələ də yoluxma ilə sağalma sayı arasında ciddi fərq qalmaqdadır. İyun ayı ərzində xəstəxananın bir şöbəsinə 66-ya yaxın COVID-19 xəstəsi daxil olub. Bundan başqa iş başında xəstəliyə yoluxan tibb bacıları da olub. Onlardan biri artıq sağalaraq, yenidən iş başına qayıdıb.

İnfeksionistlərlə yanaşı, digər dar ixtisas sahəsində çalışan həkim personalı da növbəli şəkildə reanimatoloqlara kömək edirlər. Fədakar həkimlərimizin nə qədər əziyyət çəkdiyini görmək üçün sadəcə bir saat kifayət etdi.

Ailəsindən ayrı düşən həkimlərlə yanaşı, ailəsi ilə birlikdə iş başında olan fədakar tibb işçilərimiz də var.

“Mən və oğlum artıq neçə aydır, COVID-19 xəstələrinə xidmət edirik”

Tibb bacısı Ziniyyət Əmiraslanova pandemiya ilə mübarizəyə oğlu ilə bərabər qoşulan həmin tibb işçilərimizdəndir:

“İki oğlum var, biri burada mənimlə birlikdə çalışır. Digəri isə hərbi xidmətdədir. Ailəlikcə pandemiya ilə mübarizə aparırıq. Buna rəğmən, insanların inanmaması məni çox incidir. Kaş bir neçə saatlıq burada olub, hər şeyi gözləri ilə görə bilsəydilər. Onda heç biri həyatını məsuliyyətsizcə riskə atmazdı”.

Xəstələrin, demək olar ki, böyük əksəriyyəti halsızlıq, qusma, hərarət, boğaz ağrısı və s. simptomlarla müraciət edib. Onlardan biri də 32 yaşlı İsayeva Fatimədir.

“Anam boğulduğunu deyəndə, çox qorxdum”

O deyir ki, özünü və ailəsini maksimum qorumağa çalışsa da, ətrafında ehtiyatsızlıq edən şəxslərə görə hazırda sağlamlığı üçün mübarizə aparır:

“Bu, adi qrip deyil. Çox daha ağırdır. Təzyiqlə yanaşı, digər narahatlıqlara da yol açır. Xahiş edirik, ilk növbədə özünüzü, sonra bizi qoruyun. Anam astma xəstəsidir. O, boğulduğunu deyəndə, çox qorxdum. İlk o yoluxdu, üç gün sonra mən. Hərarətimiz 38-38,5 dərəcə arasında dəyişirdi. Anam artıq evdədir, mən isə müalicəmi davam etdirirəm”.

“Elə bilirsən ki, bütün gücünü çəkib alırlar”

Xəstələrdən biri də Nağıyev Gündüzdür. Xəstəlik onun ağciyərlərində buzlu şüşə sindromu yaradıb. O deyir ki, xəstəliyə yoluxa biləcəyini düşünmədiyi üçün bir neçə həftə hərarətin olmasına fikir verməyib:

“Mən heç istəmirəm ki, kimsə bu xəstəliyin nə olduğunu bilsin. Mən idmançıyam, orqanizmimin güclü olduğunu düşünürdüm. Amma yanılmışam. Elə bil ki, bütün gücünü çəkib alırlar, taqətsiz qalırsan. İlk dəfə hərarətim olanda elə bildim, məni gün vurub. Sonra ciyərlərimi KT edəndə, məlum oldu ki, ağciyərlərdə buzlu şüşə sindromu var.

Müalicəyə başlanıldı. Hava balonu olmadan nəfəs almaq çətindir. Ayın 25-dən həkimlərimizin nəzarəti altındayam. İnanmayan insanların vay halına. Gərək xəstələnsinlər, sonra inansınlar?! Heç birimiz bu xəstəliyə harada yoluxduğumuzu təxmin edə bilmirik. Ağır xəstəlikdir, maksimum qorunun”.

1940-cı il təvəllüdlü Qəşəm Abbasov da xəstəliyə yoluxanlardandır. Onun da vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Qəşəm dayı deyir ki, dövlətimiz, həkimlərimiz bu qədər iş görür, biz yenə inanmır, xəstələniriksə, günah bizim özümüzdədir:

“Ailədə dörd nəfərik. Onlarda nəticələr neqativ olub. Yalnız mən yoluxmuşam. İyunun 26-dan bu günə qədər yaxşılaşma hiss edirəm.

Boğulma, baş ağrısı nisbətən azalıb. Amma hələ də nəfəs alarkən çətinlik çəkirəm”.

Xəstələr arasında çəkilişə icazə verən hər kəsə təşəkkür edirəm.

Onlardan biri Mollayevlər ailəsidir. Nigar və Murad Mollayev koronaviursa yoluxub.

“Balaca qızım üçün çox darıxıram, sağalıb yanına getmək istəyirəm. Onun mənə ehtiyacı var”

N.Mollayeva deyir ki, ilk simptomlar dad və iybilmə hissinin itməsi olub:

“Mənimlə yanaşı, həyat yoldaşımda da simptomlar oldu. Biz şübhələndik və dərhal test, qan analizi verdik. Hər ikimizdə nəticə müsbət çıxdı. Üç yaşlı qızımız var, şükür olsun ki, onun test nəticəsi mənfi oldu. O, indi bacımın yanındadır. Daha sonra kompüter tomoqrafiyası (KT) çəkildi. Yoldaşımda ikitərəfli pnevmoniya və buzlu şüşə sindromu müəyyən edildi. Məndə isə yüngül fibrozlar aşkarlandı. Gecikmədən xəstəxanaya yerləşdirildik və müalicəmizə başlanıldı. Üç yaşlı balaca qızım var. Onun üçün çox darıxıram. Tez sağalıb, onun yanına getmək istəyirəm”.

Murad Mollayev həyat yoldaşından fərqli olaraq, iki gün yüksək hərarətinin olduğunu deyir:

“Nəfəs almaqda çətinlik olduğundan iki gün süni tənəffüs aparatına qoşuldum. Daha sonra vəziyyətim nisbətən yaxşılaşdı. Artıq stabil olaraq müalicəmizi davam etdiririk. Yoluxmaya gəldikdə, dəqiq deyə bilmərik ki, harada, hansı şəraitdə xəstəliyə yoluxduq. Lakin bu xəstəliyə hər kəs yoluxa bilər. Özlərini qorusunlar. Heç kim heç nədən sığortalanmayıb. Sosial məsafəni saxlayıb, qoruyucu vasitələrdən istifadəyə diqqət etsinlər”.

Xəstəxanada bütün pasiyentlər gün ərzində üç dəfə yoxlanılır. Həkim Gülçöhrə Həşimova deyir ki, xəstələrin təzyiqi, hərarəti, qanda oksigen səviyyəsi nəzarətdə saxlanılır:

“Qanındakı oksigen səviyyəsi tez-tez oynayır. Minimum gün ərzində üç dəfə xəstənin təzyiqi ölçülür. Pasiyentlərin vəziyyətindən asılı olaraq, beş dəfə qanda oksigen səviyyəsi yoxlanılır və nəzarətdə saxlanılır”.

Bütün ehtimalları nəzərə alaraq, hər bir palatada xəstələrin yanında oksigen balonları quraşdırılıb. Reanimasiya otağına girmək tövsiyə edilmir. Lakin siz xəstəliyin ən ağır fəsadlarını görə və inanasınız deyə bir neçə dəqiqəlik reanimasiya şöbəsində də olduq.

Buradakı xəstələrin vəziyyəti çox ağırdır. Ümid edirik ki, tezliklə sağalıb, əzizlərinin yanına qayıdacaqlar…

Artıq şöbələrdən çıxmaq vaxtıdır. Tibb bacıları bizə ardıcıllıqla geyimləri çıxarıb xüsusi qablara atmağımızı tapşırır. Həmin geyimlər metodiki göstərişə uyğun şəkildə yığılaraq utilizasiya ediləcək.

Biz artıq xəstəxananı tərk edirdik. Riskli də olsa, həm özümüzün, ailələrimizin, həm də sizlərin sağlamlığını qorumaq üçün vəziyyəti yerindəcə çəkib göstərdik. O xəstələrin hər birinin yerində sizin, bizim yaxınlarımız da ola bilər. Ümid edirik ki, bundan sonra daha diqqətli, karantin qaydalarına riayət edən vətəndaşlarımızın sayı artacaq. Bu da özünü sağalma sayının yoluxma sayını üstələməsi ilə göstərəcək.