Tarixi Bakının mehini fəth edən kənddən VİDEOREPORTAJ

0
664

Abşeron yarımadasının qədim tarixə malik, ictimai-siyasi, mədəniyyət nümayəndələrini ölkəmizə bəxş edən kəndlərindən biri də Fatmayıdır.

Bu kənd Xəzər dənizindən 54 metr yüksəklikdə, təpənin cənub yamacında yerləşir. Hazırda burada 1638 təsərrüfatda 7154 nəfər əhali yaşayır. Kənddə tam orta məktəb, uşaq bağçası, poliklinika, mədəniyyət evi, poçt və kitabxana-informasiya mərkəzi fəaliyyət göstərir.

Fatmayı kəndi Abşeronun qədim tarixini özündə yaşadan kəndlərdəndir. 74 yaşlı müsahibimiz Fatmaxanım Nadirova deyir ki, kənd sakinləri Fatmayı kəndinin adı ilə bağlı müxtəlif versiyalar irəli sürür.

Əhali arasında yayılan əsas versiya bundan ibarətdir ki, kənd yelçəkən ərazidə yerləşdiyinə görə buranı “mehi fəth edən yer” mənasına uyğun olaraq, “Fatmehi” adlandırıblar. Kəndin adının dini amillə əlaqədar olduğunu da deyənlər az deyil.

Deyilənə görə, kəndin adı “fatimi” sözündən gəlir. Yəni Fatimeyi-Zəhranın nəslindən olanlar anlamını verir. Mülahizələrin bəzilərinə görə, “Fatmayı” sözü bir qadının adı ilə bağlıdır. Fatmayı dörd kəndlə – Məhəmmədi, Digah, Pirşağı və Goradil kəndləri ilə həmsərhəddir.

Kənddə tarixi abidələrin az qismi günümüzə gəlib çıxa bilib. “Hacı Heybət” məscidi, hamam, türbə, “Salam” məscidi kimi tariximizi əks etdirən tikililər keçmişin sirlərini özləri ilə günümüzə qədər gətirməyi bacaran abidələrdəndir.

Kənd sakinləri hesab edir ki, ötən illərə nisbətən Fatmayı kəndi xeyli inkişaf edib. Bunu digər kəndlərlə müqayisədə, daha aydın müşahidə etmək olar. Hazırda kənd ərazisində İkinci Dünya Müharibəsi iştirakçılarının adına ucaldılan abidənin restavrasiyasına başlanılıb.

Bakı kəndləri Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Fatmayı da bu xüsusiyyətinə görə digər kəndlərdən geri qalmır.

Fatmayını gəzərkən öyrənirik ki, bu kənd altı böyük məhəllədən ibarətdir. Şah Hüseynlilər, Poladlılar, Kolanılılar, Gudeylər, Rəhmanlılar, Əlibeytlilər adlı məhəllələrin hər birinin özlərinə məxsus mənaları var. Məsələn, Şah Hüseynlilər cənubdan köçüb gələnlərdir. Poladlılar şimaldan, Gudeylilər qərbdən, Rəhmanlı və Əlibeytlilər İçərişəhərdən, Kolanılılar isə Şamaxıdan köçüblər. Fatmayı Bakı kəndləri içərisində qeyri-adi bağları ilə də məşhurdur.

Sakinləri xoşbəxt edən amillərdən biri də kənddə bu günə kimi tarixi adət-ənənələrin qorunub saxlanılmasıdır. Hazırda Fatmayı kəndi özünün intibah dövrünü yaşayır desək, yanılmarıq.

Əhalini narahat edən işıq, qaz, su və digər bu kimi problemlər tamamilə aradan qaldırılıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, kənddə xeyli abadlıq və quruculuq işləri görülüb, tarixi abidələrin restavrasiyası aparılıb.

Ətraflı süjeti təqdim edirik: