Texasda antirekord: Hyustondakı xəstəxanalar doludur, “qırmızı” təhlükə səviyyəsi elan edilib

0
421

Texasda COVID-19 koronavirusuna yoluxma hallarının gündəlik artım göstəricisinin rekord səviyyəsi – 5489 yeni yoluxma qeydə alınıb. Hyustondakı xəstəxanaların demək olar ki, hamısı doludur.
Dünyada ən iri tibbi kompleks sayılan Hyustondakı Texas tibb mərkəzi cümə günü bu xəstəxananın reanimasiya şöbəsinin pasiyentlərlə 100 faiz dolduğunu elan edib. Eyni zamanda, bütün Texasda koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı artmaqda davam edir. Hyustonun daxil olduğu Harris dairəsində 25 mindən çox təsdiqlənmiş yoluxma halı və azı 346 ölüm faktı qeydə alınıb. Texasın Səhiyyə və Sosial Təminat Departamentinin məlumatına görə, indiyə qədər bütün ştatda 125 mindən çox təsdiqlənmiş yoluxma və azı 2249 ölüm faktı qeydə alınıb.
Üç həftə bundan əvvəl ştat administrasiyası bir sıra ictimai müəssisələrin, o cümlədən restoranların və akvaparkların fəaliyyətinin bərpa olunmasına icazə vermişdi. Bundan sonra təsdiqlənmiş yoluxma hallarının sayının kəskin artması səbəbindən qubernator Qreq Ebbott ictimai səhiyyə sahəsində məhdudiyyətləri sərtləşdirməyə məcbur olub.
Pasiyentlərin sayının artması nəzərə alınaraq, müxtəlif xəstəxanaların intensiv terapiya bölmələrindəki yaşlı pasiyentlərin bir qismi Hyustondakı ən iri uşaq xəstəxanasında müalicə olunmaq üçün oraya köçürülüb.
Hyustonun daxil olduğu Harris dairəsinin hakimi Lina Hidalqo dairədə “qırmızı” təhlükə səviyyəsi elan edib. Bu, ştatın ictimai səhiyyəsində ən böhranlı təhlükə səviyyəsidir. Hidalqo dairənin bütün sakinlərinə müraciətlə onları maska taxmağa, evdə oturmağa və yalnız zəruri hallarda mağazaya getmək üçün evdən çıxmağa çağıraraq deyib: “Yetər! Kifayətdir! Əgər biz qaydalara riayət etməsək, tezliklə məhvə məhkumuq!”